esas

Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibindən ayrılaraq İrlandiya Respublikası ilə birləşməsi mövzusu gündəmdədir. Bununla yanaşı, Şotlandiya və Uelsin də Birləşmiş Krallıqdan ayrılacağına dair ehtimallar irəli sürülür.

Qeyd edək ki, sentyabrın 12-də ABŞ Prezidenti Donald Trampın Şimali İrlandiyanın İrlandiya Respublikası ilə birləşməsini dəstəkləyən bəyanatı səsləndirməsindən iki gün sonra Uelsin paytaxtı Kardiffdə Şotlandiya, Uels və Şimali İrlandiya baş nazirlərinin iştirakı ilə görüş keçirilib. Bu, Britaniyanın parçalanacağına dair iddiaların ortaya çıxmasına səbəb olub.

Globalinfo.az-a danışan irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş Böyük Britaniyanın parçalanmasının qaçılmaz olduğunu düşünmür.

Onun sözlərinə görə, 1998-ci il “Xeyirli Cümə” sazişinə əsasən, İrlandiyanın yenidən birləşməsi üçün sərhəd məsələsi üzrə referendum keçirilməlidir:

“Hazırda bunun üçün yetərli çoxluq yoxdur. Bəlkə də 10 və ya 20 ildən sonra İrlandiyanın katolik əhalisinin sayı artdıqda belə olacaq, amma hələlik yoxdur. Ən azı 2030-cu ilə qədər sərhəd məsələsi üzrə referendum keçirilməyəcək. Böyük Britaniyanın Baş naziri bunu bu yaxınlarda bildirib.

Şotlandiyaya gəldikdə isə, 2030-cu ilədək daha bir referendumun keçirilməsi ehtimalı azdır və ictimai rəy sorğularına əsasən, ayrılmağın tərəfdarı olan yetərli çoxluq hələ ki yoxdur”.

patrik uolsh

Patrik Uolş

P.Uolş qeyd edib ki, Böyük Britaniyanın Baş naziri Avropa İttifaqına (Aİ) yenidən qoşulmaq niyyətini Leyboristlər hökumətinin seçki proqramına daxil edə bilər:

“Əgər o, uğur qazanarsa, Böyük Britaniyanın bütövlüyü qorunub saxlanacaq. Böyük Britaniyanın parçalanmasının ən çox ehtimal olunan səbəbi, güman ki, 2029-cu ildə keçiriləcək növbəti ümumi seçkilərdə İslahatlar (Reform) Partiyasının qələbəsi olacaq. İslahatçıların əsasını ingilis millətçiləri təşkil edir və həm şotlandlar, həm də irlandlar Avropa tərəfdarı və Brexit əleyhinə olduqları üçün Naycel Fərəc (Brexit hərəkatının əsas siması və memarı, -red) hökuməti Şotlandiyanın müstəqilliyini və İrlandiyanın yenidən birləşməsini təmin edə bilər. Onlar Aİ-yə qayıtmağın yeganə yolunu ayrılmaqda görə bilərlər”.

İrlandiyalı tarixçi əlavə edib ki, Baş nazir Endi Börnem Aİ-yə yenidən qoşulmaq istəyini bəyan edən kimi, avropalılar Böyük Britaniyanı tezliklə yenidən öz sıralarına qəbul edəcəklər:

“Trampın ABŞ-ı proseslərdən uzaq tutması və Rusiya təhdidinin artması ilə vəziyyət çox dəyişdi. Aİ, Böyük Britaniyanın tam tərkibdə Avropaya qayıtmasını çox istədiyini gizlətmir”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: