Azərbaycanda bankların kreditlərdən əldə etdiyi faiz gəlirlərinin sürətlə artması kredit bazarında faiz yükünün nə qədər yüksək olduğunu bir daha gündəmə gətirir. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında bankların kreditlər üzrə faiz gəliri 2 milyard 982,6 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz artım deməkdir. 2025-ci ilin yanvar-avqustunda bu göstərici 2 milyard 544,7 milyon manat olub.
Əlbəttə, bankların faiz gəlirlərinin artmasını yalnız kredit faizlərinin yüksəlməsi ilə izah etmək düzgün olmaz. Kredit portfelinin genişlənməsi, yüksək faizli istehlak kreditlərinin payının artması və kreditlərin müddəti də bankların gəlirlərinə təsir edir. Lakin ortaya çıxan mənzərə başqa bir problemi də göstərir: kredit bazarında faizlərin aşağı düşməsi gözlənildiyi halda, vətəndaş və sahibkar üçün borclanmanın qiyməti hələ də yüksək olaraq qalır.
Burada əsas sual yaranır: bankların faiz gəlirləri bu qədər böyük olduğu halda, kredit faizləri niyə aşağı düşmür? Bankların mövqeyinə görə, kredit faizinin yüksək olmasının arxasında resursların maya dəyəri, depozitlərə ödənilən faizlər, kredit riskləri, problemli kreditlərdən yaranan itkilər, əməliyyat xərcləri və kapitalın qiyməti dayanır. Xüsusilə təminatsız istehlak kreditlərində risk yüksək olduğundan banklar bunu daha yüksək faizlə kompensasiya etməyə çalışırlar.
Lakin bu izah kredit faizlərinin uzun müddət yüksək qalmasını tam əsaslandırmır. Çünki bank sektorunda rəqabət artdıqca, maliyyə resurslarının qiyməti aşağı düşdükcə və risklər azaldıqca bunun kredit faizlərində də əks olunması gözlənilir. Əks halda resursların ucuzlaşmasının faydası son istehlakçıya tam çatmır və bankla borcalan arasındakı faiz fərqi yüksək olaraq qalır.
Digər mühüm məsələ bankların kredit portfelinin strukturudur. Əgər banklar daha çox yüksək faizli istehlak kreditlərinə üstünlük verirsə, faiz gəlirlərinin artması təbii olaraq sürətlənir. Bu isə iqtisadiyyat üçün də müəyyən risk yaradır. Kreditlərin böyük hissəsinin istehlaka yönəlməsi əvəzinə, daha ucuz maliyyə resurslarının istehsala, investisiyalara, kiçik və orta biznesə və ixrac potensialı olan sahələrə yönəldilməsi iqtisadi aktivliyə daha güclü təsir göstərə bilər.
Kredit faizlərinin aşağı salınması üçün yalnız Mərkəzi Bankın uçot dərəcəsini azaltması kifayət deyil. Bankların uzunmüddətli və ucuz resurslara çıxışı genişlənməli, depozit bazarında maliyyələşmə xərcləri azalmalı, banklar arasında real rəqabət güclənməli və problemli kreditlərin yaratdığı risklər minimuma endirilməlidir. Eyni zamanda kredit bazarında şəffaflığın artırılması və müştərinin müxtəlif bankların təkliflərini asan müqayisə edə bilməsi də rəqabəti gücləndirə bilər.
Əslində, 3 milyard manata yaxın faiz gəliri bank sektorunun böyük maliyyə dövriyyəsinə malik olduğunu göstərir. Burada məsələ bankların gəlir əldə etməsinin özü deyil. Əsas məsələ həmin gəlirlərin artmasının nə dərəcədə kreditlərin həcminin genişlənməsi, nə dərəcədə isə yüksək faiz dərəcələri hesabına formalaşmasıdır. Əgər kreditlər həm bahadır, həm də bankların faiz gəlirləri sürətlə artırsa, bu vəziyyət borcalanların maliyyə yükünün daha diqqətlə qiymətləndirilməsini tələb edir.
Nəticədə kredit bazarında əsas hədəf sadəcə bankların gəlirlərini azaltmaq deyil, daha ucuz, əlçatan və uzunmüddətli kredit mexanizmi yaratmaq olmalıdır.
Bunun üçün bankların maliyyələşmə xərcləri ilə kredit faizləri arasındakı fərq azalmalı, rəqabət güclənməli və xüsusilə biznes kreditlərinin qiyməti aşağı salınmalıdır. Əks halda bank sektorunun gəlirləri artdığı halda iqtisadiyyatın real sektorunda kreditə çıxış problemi davam edəcək.
Akif Nəsirli
Globalinfo.az