1790925565 05200d85bb74ba366ce24cdf091322bb

Prezident İlham Əliyev Azərbaycanın 2027-ci il üçün dövlət büdcəsindən hərbi və təhlükəsizlik məsələlərinə təqribən 9 milyard manata yaxın vəsait ayrılmasının nəzərdə tutulduğunu açıqlayıb.

Dövlət başçısı qeyd edib ki, qonşu regionlarda gərginlik bitmir, əksinə, həm Şimalda, həm Cənubda, həm də Yaxın Şərqdə yeni müharibə, münaqişə ocaqları yaranır. Beynəlxalq hüquq isə sıradan çıxıb. Ona görə Azərbaycan həmişə təxribat cavab verməyə hazır olmalıdır.

Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, Prezident İlham Əliyevin, “Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır”, – bəyanatı ilk növbədə Ermənistana və onun revanşist qüvvələrinə, həmçinin regionda sabitliyi pozmağa çalışan xarici vasitəçilərə və silahlandırıcı dövlətlərə birbaşa mesajdır:

“Prezident bu fikirləri Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı zamanı səsləndirib. Mesajın ünvanlandığı tərəflər və əsas hədəflər var. Azərbaycanın Zəfər qazandığını və hazırda ölkələr arasında aktiv münaqişənin olmadığını vurğulayan dövlət başçısı, hərbi gücün artırılmasının hər bir ölkə üçün həmişə lazım olduğunu bildirdi. O, xalqımızın keçmişdə ağır faciələrlə üzləşdiyini xatırladaraq, Azərbaycanın bir daha zəif hərbi vəziyyətə düşməyəcəyini və Ermənistanda baş qaldıra biləcək hər hansı revanşizm cəhdinin qarşısının dərhal alınacağını nümayiş etdirdi.

Son dövrlər Qərbdəki bəzi dairələrin və dövlətlərin, xüsusilə Fransa kimi ölkələrin Ermənistanı aktiv şəkildə silahlandırması və regionda gərginliyi yenidən alovlandırmaq cəhdləri müşahidə olunur. İlham Əliyev bu bəyanatla həmin qüvvələrə mesaj verdi ki, Azərbaycan regiondakı bütün mümkün təhlükə mənbələrini izləyir və istənilən hərbi balansı qorumağa, hərbi üstünlüyünü saxlamağa tam qadirdir. Prezident çıxışında qeyd etdi ki, bir çox beynəlxalq ekspertlər Azərbaycanı artıq “orta güc dövləti” sırasına daxil edirlər. Hərbi gücün davamlı artırılması bəyanatı həm də qlobal müstəvidə Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü, öz taleyinin öz əlində olduğunu və regional təhlükəsizliyin əsas təminatçısı rolunu qoruyacağını göstərir  Prezident həmçinin bu addımı, “Çünki bizim xalqımız bu faciə ilə üzləşib”, – sözləri ilə əsaslandırdı. Başqa sözlə, hərbi qüdrətin ən yüksək səviyyədə saxlanılması strateji zərurətdir. Hərbi gücü artırmaq mesajı potensial təhdidlərə qarşı qabaqlayıcı addımdır”.

bakir hesenbeyli
Bakir Həsənbəyli

Politoloq qeyd edib ki, güclü ordu ölkənin iqtisadi müstəqilliyi və qlobal arenadakı yüksək nüfuzu ilə bərabər, müstəqil xarici siyasətin ən mühüm təminatçısıdır:

“İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura dinc əhalinin sürətlə köçürüldüyü və milyardlarla manat investisiya qoyulduğu bir dövrdə, güclü hərbi potensial həm də bu nəhəng infrastrukturun və orada yaşayan on minlərlə vətəndaşın təhlükəsizliyinin qarantıdır. Bu mesaj Azərbaycanın qazandığı tarixi Zəfərlə arxayınlaşmadığını, regionda dayanıqlı sülhü və öz suverenliyini qorumaq üçün hərbi və müdafiə qabiliyyətini davamlı olaraq inkişaf etdirəcəyini göstərir. Dövlət başçısının bu bəyanatının arxasında xarici güclərə ötürülən əsas mesajlar da var idi. Bölgədə kənardan diktə etmək istəyən, ikili standartlar yürüdən beynəlxalq güclərə göstərilir ki, Azərbaycan öz taleyini öz əlində saxlayır və milli təhlükəsizliyini qorumaq üçün heç kəsin rəyinə və ya icazəsinə ehtiyacı yoxdur. Dövlət başçısı bu mesajı ilə konkret bir ölkəni hədəf almadı. Sadəcə Azərbaycan xalqının keçmişdə üzləşdiyi faciələri xatırlatmaqla kifayətləndi.

Dünyada beynəlxalq hüququn deyil, güc amilinin ön plana çıxdığı bir dövrdə hərbi qüdrət müstəqilliyin yeganə real təminatçısıdır. Güclü ordu hər hansı xarici qüvvənin Azərbaycana təzyiq göstərmək rıçaqlarını sıfırlayır. Bu bəyanat regionda status-kvonu öz xeyrinə dəyişmək istəyən revanşist qüvvələrə və Cənubi Qafqaza kənar müdaxilə etməyə çalışan bütün xarici dairələrə yönəlmiş strateji çəkindirmə mesajı idi”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: