Gemini Generated Image 48kwfa48kwfa48kw

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev partiyanın VIII qurultayında çıxışı zamanı ölkənin müstəqilliyinin ilk illərində üzləşdiyi ağır sosial və siyasi vəziyyətə diqqət çəkib.

Dövlət başçısı qeyd edib ki, həmin dövrdə Azərbaycanın 8 milyon əhalisi var idi, onların 1 milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşayırdı.

Sitat:

“Bu, bir humanitar fəlakət idi və biz təkbaşına qalmışdıq. Heç kim bizə kömək etmirdi. 1990-cı illərdə müharibədə də heç kim kömək etmirdi. Müharibədən sonra da heç kim kömək etmirdi. Biz bu çətinlikləri təkbaşına arxada qoyduq və bu gün ayaq üstündə möhkəm dayanmışıq. Azərbaycan xalqının iradəsi, Ulu Öndərə olan inamı, onun siyasi xətti bütün bu uğurlu addımlara səbəb oldu”.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyev YAP-ın VIII qurultayında Azərbaycanın tarixi Zəfərə gedən yolunu təhlil edərkən torpaqlarımızın işğal altında olduğu dövrə xüsusi diqqət çəkib:

“Prezident həmin dövrü yenidən təhlil edərək Azərbaycanı qələbəyə aparan yolunun hansı şərtlər daxilində başladığını tarixi yaddaşa istinad etməklə bir daha xatırladıb.

Doğrudan da, Yeni Azərbaycan Partiyasının yaranması, Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması və milli dövlətçiliyin bərpa edilməsi Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti ilə bilavasitə bağlıdır. Məhz onun təməlini qoyduğu dövlət quruculuğu prosesi son nəticədə qüdrətli Azərbaycanın formalaşmasına gətirib çıxardı.

Heydər Əliyevin müəyyən etdiyi ideoloji əsaslar YAP vasitəsilə cəmiyyətin əsas siyasi-ideoloji dayaqlarından birinə çevrilərək bu gün ölkəmizdə milli həmrəyliyin təmin olunmasına mühüm töhfə verib”.

hikmet babaoglu 900x615 1
Hikmət Babaoğlu

Deputat bildirib ki, bu siyasi və ideoloji xəttin iki mühüm komponentinin vəhdəti bugünkü milli həmrəyliyin və güclü dövlətin formalaşmasına şərait yaradıb:

“Şübhəsiz ki, Prezident İlham Əliyev həmin dövrə qiymət verərkən vəziyyətin nə qədər ağır olduğunu və bütün bu çətinliklərin aradan qaldırılmasının nə qədər böyük siyasi iradə və enerji tələb etdiyini nəzərə çatdırıb.

Prezidentin qeyd etdiyi kimi, həmin vaxt Azərbaycanın 8 milyon əhalisi var idisə, onların 1 milyonu qaçqın və məcburi köçkün vəziyyətində idi. Yəni hər səkkiz azərbaycanlıdan biri evsiz-eşiksiz, ağır şəraitdə yaşamağa məcbur idi. Üstəlik, Azərbaycanın yanında dayanan, ona real dəstək göstərən də yox idi. Mən düşünürəm ki, məhz bu sosial reallıq Azərbaycanın Zəfərə gedən yolunun anatomiyasını anlamaq baxımından olduqca vacibdir.

Azərbaycan xalqının qətiyyəti, mübarizliyi və yüksək siyasi şüuru sayəsində biz həmin ağır günlərdə birləşməyi bacardıq. Bu, bir daha vaxtilə Prezident İlham Əliyevin səsləndirdiyi fikri təsdiqləyir: Azərbaycan xalqı dövlətçilik şüuruna malik xalqdır.

Bu gün isə vaxtilə bizə kömək etməyən, Azərbaycanın yanında olmayan dövlətlərin Azərbaycanla əməkdaşlıq etməyə çalışdığının şahidiyik. Fərq gücdədir. Azərbaycan zəif olduğu zaman onun arxasında heç kim yox idi. Bizi güclü edən isə Heydər Əliyev–İlham Əliyev strategiyası, xalqın milli dövlətə sahib çıxması və Yeni Azərbaycan Partiyasının liderliyi ilə siyasi sistemin milli maraqlar əsasında qurulması oldu”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: