Bu gün, 3 oktyabr – Heydər Əliyevin ilk dəfə müstəqil Azərbaycanın Prezidenti seçildiyi gündür. 1993-cü ilin bu günündə xalqın səsverməsi ilə dövlət başçısı seçilən Heydər Əliyevin prezidentliyi dövründə ölkədə siyasi sabitliyin və dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Heydər Əliyevin həyata keçirdiyi siyasət sonrakı illərdə Azərbaycanın dövlətçilik xəttinin əsas istiqamətlərindən birinə çevrilib.
Bəs Ulu Öndərin hakimiyyətdə olduğu illərdə həyata keçirdiyi hansı addımlar müasir Azərbaycanın inkişafında daha böyük rol oynadı?
Globalinfo.az-a danışan deputat Musa Quliyev deyib ki, 3 oktyabr Azərbaycan tarixində çox əlamətdar bir gündür:
“Məhz 1993-cü il oktyabrın 3-də Ulu öndər Heydər Əliyev ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib. Biz 1991-ci ildə müstəqilliyimizi elan etsək də, təəssüf olsun ki, Ulu öndərin hakimiyyətə qayıdışına qədər real dövlət qura bilməmişdik. İstər Mütəllibov hakimiyyəti dövründə Moskvadan asılılıq və doğru olmayan qərarların qəbul edilməsi, istərsə də Elçibəy hakimiyyəti vaxtında ölkənin ən ağır siyasi, iqtisadi, hərbi və ictimai böhranla üzləşməsi Azərbaycanı çox ağır vəziyyətə gətirib çıxarmışdı. Xalq öz nicatını haqlı olaraq Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü”.
M.Quliyevin sözlərinə görə, Heydər Əliyev hakimiyyətə qayıdanda Azərbaycan demək olar ki, hər cəhətdən fəlakətlə üz-üzə qalan bir dövlət idi:
“İqtisadi əlaqələrimizin demək olar ki, hamısı qırılmışdı. Beynəlxalq aləmdə nəinki nüfuzumuz yox idi, heç bizi tanıyan yox idi. Tanıyan dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə də Azərbaycan Xalq Cəbhəsinin apardığı səhv siyasət nəticəsində münasibətlərimiz düşmən vəziyyətinə gəlib çatmışdı. Bir tərəfdən də torpaqlarımız işğal altında idi, məcburi köçkün və qaçqınlar vardı, şəhid ailələrinə və qazilərə lazımi qayğı göstərilmirdi. Belə ağır bir vəziyyətdə Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldi və qısa müddət ərzində atdığı addımlar nəticəsində ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasına və ictimai dialoqun yaranmasına nail oldu”.
10 oktyabr 1993-cü il. Azərbaycan Prezidenti seçilən Heydər Əliyevin andiçmə mərasimi
Deputat bildirib ki, Heydər Əliyevin növbəti addımları ölkədə sabitliyin möhkəmləndirilməsi, siyasi hakimiyyətin qurulması və islahatların başlanması istiqamətində oldu:
“Bu işlərin əvvəlində isə, heç şübhəsiz ki, ordu quruculuğu prosesi dayanırdı. Ordu vahid komandanlıq altında birləşdirildi. Növbəti addım olaraq 1994-cü il mayın 12-də Bişkek protokolunun imzalanması ilə Azərbaycan üçün o zaman uğursuz davam edən Qarabağ müharibəsi dayandırıldı və proseslərin sülh danışıqları müstəvisinə keçirilməsi ilə Azərbaycanın güclənməsi, situasiyanın ölkəmizin xeyrinə dəyişməsi üçün zaman əldə edildi. 1994-cü il sentyabrın 20-də imzalanan və “Əsrin müqaviləsi” adlandırılan böyük neft müqaviləsi isə Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoydu. 1995-ci il noyabrın 12-də müəllifi Ulu öndər Heydər Əliyev olan Azərbaycan Konstitusiyası ümumxalq referendumu nəticəsində qəbul edildi. Bununla da Azərbaycanda siyasi islahatlar yeni qanunvericilik bazası əsasında formalaşmağa başladı. Özəlləşdirmə, torpaqların özəlləşdirilməsi prosesi həyata keçirildi. Sonrakı mərhələlərdə isə Azərbaycanda iqtisadi tənəzzülün qarşısının alınması üçün lazımi tədbirlər görüldü”.
Musa Quliyev deyib ki, bütün bu işlər bir-birinin ardınca baş verən dövlət çevrilişi və sui-qəsd cəhdləri fonunda həyata keçirilirdi:
“Həmin cəhdlərin heç biri baş tutmadı. Ulu öndərin özünün dediyi kimi, xalqını sevən lideri Tanrı da sevirdi və Tanrı Heydər Əliyevi qorudu. Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əldə olunması və möhkəmlənməsində, dövlətçiliyin qurulmasında müstəsna xidmətləri oldu. Bu xidmətlərin içərisində ictimai-siyasi sabitliyin yaranması, iqtisadi tənəzzülün dayanması, Azərbaycanın hüquqi və demokratik dövlət kimi formalaşması, ictimai sazişin yaranması və azərbaycançılıq ideyasının Ulu öndər tərəfindən irəli sürülərək bütün xalqın bu ideya ətrafında birləşdirilməsi xüsusi yer tutur”.
Musa Quliyev
Deputat əlavə edib ki, Heydər Əliyevin başladığı bu siyasi yol Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən sonra uğurla davam etdirildi:
“İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələrkən ilk andiçmə mərasimində Azərbaycan xalqına və dünyaya bəyan etdi ki, bizim yolumuz Heydər Əliyev yoludur, siyasətimiz Heydər Əliyevin başladığı və xalqa, Vətənə, dövlətə xidmət siyasətidir. Nəticədə Ulu öndərin ən böyük arzularından biri, bəlkə də birincisi olan torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Ali Baş Komandan İlham Əliyev tərəfindən 44 günlük müharibə və 2023-cü ildə həyata keçirilən 23 saatlıq antiterror əməliyyatı nəticəsində təmin edildi. Azərbaycan öz suverenliyini tam bərpa etdi. Dünən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında da cənab Prezident İlham Əliyev öz nitqində söylədi ki, biz Heydər Əliyev yolu ilə gedəcəyik. Bu yol Azərbaycan xalqına bundan sonra da uzun illər xidmət etməyə, xalqın sosial-iqtisadi inkişafına, xoşbəxtliyinə və ölkəmizin daha da qüvvətlənməsinə xidmət edəcək”.
Zaira Akifqızı
Globalinfo.az