cavansir feyziyev yeni 1 900x614 2

“Müstəqilliyimizin ilk illəri Azərbaycan tarixinin ən ağrılı və mürəkkəb dövrlərindən biri olub. Həmin vaxt siyasi hakimiyyəti zəbt etmiş AXC-Müsavat hökuməti ölkəni dərin böhran və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Bir tərəfdən erməni işğalı genişlənir, torpaq və insan itkiləri artır, digər tərəfdən isə müxtəlif bölgələrdə separatizm meylləri baş qaldırırdı. Azərbaycan ağır siyasi, iqtisadi və sosial böhran içərisində idi”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Deputat qeyd edib ki, həmin dövrün ən dəqiq siyasi qiymətini Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında verib. Onun sözlərinə görə, oktyabrın 3-də Heydər Əliyev şəxsiyyəti ətrafında toplanmış vətənpərvər insanların Yeni Azərbaycan Partiyasını təsis etməsi Azərbaycanın sonrakı uğurlarına yol açan mühüm tarixi hadisə olub.

“Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin məhv olmaq təhlükəsindən xilas edilməsi baxımından həmin dövrdə yeni tariximizdə baş vermiş ən mühüm siyasi hadisələrdən biri idi. Ən ağır vəziyyətdə xalq Heydər Əliyevin hakimiyyətə gətirilməsini tələb etdi. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqın böyük dəstəyi ilə Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti seçildi.

Həmin gündən etibarən Azərbaycanda yeni dövlət quruculuğu mərhələsi başlandı. Qısa müddət ərzində cəbhədə atəşkəs əldə edildi, ölkənin parçalanmasına yönəlmiş separatizm meyllərinin qarşısı qətiyyətlə alındı və müasir idarəçilik sisteminin formalaşdırılması istiqamətində mühüm qərarlar qəbul edildi.

Heydər Əliyevin həyata keçirdiyi hərtərəfli və köklü islahatlar nəticəsində Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesi sürətləndi, iqtisadi tənəzzül dayandırıldı. Ulu Öndər yeni dövr üçün milli ideologiyanın formalaşdırılmasına, Azərbaycançılıq ideologiyasının ictimai şüurda möhkəmləndirilməsinə böyük töhfə verdi. Bütün bunlar Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə və xalqımızın dövlətçilik şüuru əsasında vahid gücə çevrilməsinə xidmət edirdi.

Beynəlxalq siyasətdə böyük təcrübəyə və geniş dünyagörüşünə malik olan Ulu Öndər təkcə müasir Azərbaycan dövlətinin əsaslarını formalaşdırmadı, eyni zamanda ölkəmizin gələcəkdə qüdrətli dövlətə çevrilməsi üçün uzunmüddətli inkişaf strategiyasının təməlini qoydu. Sonrakı illərdə Azərbaycanda baş verən hadisələr Heydər Əliyev siyasətinin uzaqgörənliyini bir daha təsdiqlədi.

Bu gün Yeni Azərbaycan Partiyasının ən mühüm dayaqlarından biri onun Heydər Əliyevin adı və siyasi irsi ilə bağlı olmasıdır. Yeni Azərbaycan Partiyası öz qurucusunun müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanın davamlı inkişafına və dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir”, – deyə C.Feyziyev vurğulayıb.

Paylaş: