qar baki

Payızın ilk günləri olmasına baxmayaraq, Azərbaycanın bəzi bölgələrində artıq qar yağır. Xüsusilə Qubanın dağlıq kəndlərində qarın intensiv yağması diqqət çəkib. Bu mənzərə qışın bu il daha tez başlayacağı ilə bağlı fikirlərin səslənməsinə səbəb olub.

Bəs dağlıq ərazilərdə müşahidə olunan bu hava şəraiti Bakıya da təsir edəcəkmi? Yaxın günlərdə paytaxtda qar yağacağı gözlənilirmi?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, oktyabrda yüksək dağlıq ərazilərdə, o cümlədən Baş Qafqaz silsiləsinin yüksək massivləri olan Tufandağ, Babadağ, Ləzərdüzü, eləcə də yan silsilələrdə Şaxtaq, Qızılqaya və onların ətəklərində qar yağması tamamilə normaldır:

“Bəzi illərdə bu hal sentyabrda, hətta avqustun sonunda da müşahidə oluna bilər. Bakı üçün isə bunu heç də aktual hesab etmirəm. Düşünürəm ki, qarın Bakıda yağması dekabrın sonu, yanvar-fevral ayları üçün daha real görünür”.

Ekoloq bildirib ki, hazırda Bakıda qar yağmasındansa, daha çox yağış gözləmək daha doğrudur:

“Son illərdə də müşahidə olunduğu kimi, ehtimal olunur ki, bu il də həmin bölgələrdə, ümumiyyətlə, respublika ərazisində yağıntıların miqdarı normadan artıq olacaq. Bunun fəsadları ola bilər. Amma yaxşı tərəfləri də var.

arzu

Arzu Mustafayev

Su resurslarımız, su anbarlarımız və suvarma şəbəkəsi üçün bu yağıntılar faydalıdır. Burada maksimum idarəçilik mexanizmi optimal səviyyədə qurulmalıdır. Eyni zamanda, sulardan effektiv, səmərəli və qənaətlə istifadə mexanizmi də işlək olmalıdır. Bəli, müəyyən kənaraçıxmalar həmişə olur”.

Arzu Mustafayev 2012-ci ildə Bakıda noyabrın 1-də qar yağdığını, həmin ilin fevralında isə havanın kəskin soyuması nəticəsində Xəzər dənizinin donduğunu xatırladıb:

“Ancaq bunu əvvəlcədən proqnozlaşdırmaq və ya hər il bu tipli hadisələrin gözləniləcəyini demək, müşahidələrin nəticələrinə əsasən, doğru yanaşma deyil. Daha çox siklonlar və antisiklonlar formalaşarkən bu cür qeyri-sabit hava şəraiti müşahidə olunur. Yenə də düşünürəm ki, təsərrüfatlar, şəhər təsərrüfatı, infrastruktur, insanlar özləri, kənd təsərrüfatı obyektləri xüsusən qısamüddətli, lakin intensiv ola biləcək yağıntılara hazır olmalıdır. Həmçinin insanlar özləri də kənd təsərrüfatı heyvanlarının və şəxsi təsərrüfatlarının bu cür fəsadlardan ziyan görməməsi üçün vaxtında profilaktik tədbirlər görməlidirlər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: