Prezident İlham Əliyev maaş, pensiya və müavinətlərin artırılacağını açıqlayıb. Bu fonda müharibə veteranlarına ödənilən 80 manatlıq Prezident təqaüdünün artırılması məsələsi də diqqət mərkəzinə gəlir. Uzun müddətdir veteranlar və müharibə iştirakçıları bu ödənişin artırılmasını gözləyirlər.
Bəs yaxın gələcəkdə müharibə veteranlarının aylıq təqaüdünün artırılması nəzərdə tutula bilərmi?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, gələn il maaşların, sosial müavinətlərinin artırılması çox yaxşı xəbərdir:
“İndi görək, hansı faiz dərəcəsində artım olacaq. Çox güman ki, noyabr ayında büdcə müzakirələri zamanı bu məsələ aşağı-yuxarı bəlli olacaq. Təbii ki, bizim müharibə veteranlarına verilən müavinətlər də uzun illərdir müzakirə predmetidir”.
Natiq Cəfərli
N.Cəfərli qeyd edib ki, 80 manatlıq müavinətin artırılması ilə bağlı bu günə qədər müxtəlif fikirlər, istəklər və təkliflər səsləndirilib:
“Ümid edirik ki, bu məsələ də büdcə müzakirələri zamanı parlamentdə gündəliyə gələcək və həllini tapacaq. Çünki təqribən 170 minə yaxın müharibə veteranı var. Birinci və İkinci Qarabağ müharibələrinin veteranları var. Bu, onların sosial təminatına təsir göstərən amillərdən biridir. Müvafiq müavinətin artırılması, təbii ki, pozitiv bir xəbər olar”.
Zaira Akifqızı
Globalinfo.az