İsrailin Baş naziri Benyamin Netanyahu mobil telefonu olan insanlara səslənib. O, həmin şəxslərin əslində İsrailin bir hissəsini daşıdığını bildirib.
Sitat: “Telefonlar, dərmanlar, qidalar, o cümlədən albalı və pomidor – bunların hamısı İsrailin bir hissəsidir. Düşmənlərimizin telefonlarına sızaraq istədiyimiz şeyi yerləşdirə və onları bir canavar kimi göstərə bilərik. Bizi heç kim dayandıra bilməz”.
Netanyahu blef edir, yoxsa həqiqətən belədir? Onun açıqlaması nəyə hesablanıb?
Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, burada iki fərqli məsələ var:
“Biri İsrailin texnoloji və kiber imkanlarıdır, digəri isə siyasi baxışdır. İsrailin kibertəhlükəsizlik, kəşfiyyat texnologiyaları və mobil cihazlara qarşı istifadə olunan inkişaf etmiş casus proqramları sahəsində güclü imkanlara malik olması faktdır. Amma buradan istənilən telefona istədiyimiz vaxt daxil olub istədiyimizi yerləşdirə bilərik nəticəsi çıxarmaq doğru olmaz”.
E.Həsənov bildirib ki, telefonla bağlı deyilənlər daha çox informasiya müharibəsi və sosial media manipulyasiyası kontekstində səslənib:
“O, əslində bir telefon vasitəsilə insan haqqında müəyyən məzmun göstərməklə onun imicini dəyişməyin mümkün olduğundan danışıb. Yəni burda əsas məsələ telefonu texniki olaraq sındırmaqdan çox, insanların gördüyü informasiya axınına təsir etməkdən gedir. Texniki baxımdan telefona sızmaq mümkündür, amma bunun üçün konkret zəiflik, casus proqram, istifadəçi səhvi və ya məqsədli hücum lazımdır. Hər telefon, hər əməliyyat sistemi və hər istifadəçi eyni deyil. Bir cihazda işləyən zəiflik digərində işləməyə bilər”.
Zaira Akifqızı
Globalinfo.az