baki 9 900x506 1

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında bildirib ki, Azərbaycan dünyada misli görünməmiş Qələbə qazanıb, özü də təkbaşına.

Sitat:

“Bu gün müxtəlif yerlərdə müharibələr gedir. Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kimə qarşı müharibə aparmışıq”.

Dövlət başçısı qeyd edib ki, bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır.

“Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır. Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq”, – Prezident vurğulayıb.

Globalinfo.az-a danışan deputat Bəhruz Məhərrəmov deyib ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayındakı bəyanatları müasir Azərbaycan dövlətçiliyinin strateji doktrinasını və xarici siyasət fəlsəfəsini əks etdirən analitik konseptual çərçivə formalaşdırır:

“Təqdim olunan tezislər beynəlxalq münasibətlər sistemində realizm nəzəriyyəsi, güc balansı və suverenliyin mühafizəsi aspektindən dərin elmi-siyasi təhlil tələb edir.

Siyasi-strateji müstəvidə “böyük dayılar” anlayışı beynəlxalq siyasətin iyerarxik strukturuna və böyük dövlətlərin geostrateji hamilik mexanizmlərinə verilən dəqiq qiymətdir. ATƏT-in keçmiş Minsk qrupu həmsədrlərinin və digər aparıcı dövlətlərin regional münaqişədəki mövqeyi neytrallıq prinsipinin kağız üzərində qaldığını, praktiki müstəvidə isə geosiyasi maraqların tərəfkeşliyə çevrildiyini göstərirdi. İkinci Qarabağ müharibəsində əldə olunan hərbi zəfər yalnız Ermənistanın müdafiə sisteminin dağıdılması deyil, eyni zamanda transmilli güc mərkəzlərinin regionda formalaşdırdığı “status-kvo” konyukturasının darmadağın edilməsidir. Azərbaycanın bu müharibəni təkbaşına və kənar dəstək almadan aparması dövlətin xarici siyasi asılılıqlardan azad, tam suveren aktora çevrildiyini sübut edir”.

behruz meherremov 99 900x600 1
Bəhruz Məhərrəmov

Deputat bildirib ki, hüquqi və iqtisadi-müdafiə müstəvisində qeyd olunan məqamlar xüsusi əhəmiyyət kəsb edir:

“Beynəlxalq hüquq BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən hər bir suveren dövlətə fərdi və ya kollektiv özünümüdafiə hüququ tanıyır. Azərbaycanın müdafiə sənayesini və silah arsenalını heç bir güzəşt, hərbi yardım və ya pulsuz təchizat olmadan, yalnız bazar qiymətlərinə — hətta zaman-zaman süni şəkildə qaldırılmış qiymətlərə — əsaslanaraq formalaşdırması hərbi qələbənin tam hüquqi legitimliyini təmin edir. Hərbi təchizatın kommersiya əsasları ilə həyata keçirilməsi Azərbaycanı satıcı ölkələrin qarşısında hər hansı siyasi, hərbi və ya geostrateji öhdəlik götürməkdən sığortalayıb. Bu fakt dövlətin hərbi müstəqilliyinin maliyyə-iqtisadi suverenliklə birbaşa bağlı olduğunu nümayiş etdirir.

Bundan başqa, məlumdur ki, ideoloji təhlükəsizlik parametri modern hibrid müharibələr dövründə dövlət davamlılığının əsas sütunudur. Cənab İlham Əliyevin qurultaydakı tarixi bəyanatında ideoloji məkanın yad təsirlərdən təmizlənməsi tələbi milli təhlükəsizlik doktrinasının vacib elementidir. Sirr deyil ki, müasir dövrdə xarici güclər tərəfindən tətbiq olunan “yumşaq güc” alətləri, informasiya manipulyasiyaları və ideoloji təxribatlar dövlətlərin daxili sabitliyini sarsıtmaq üçün istifadə edilir. Daxili ideoloji məkanın immunitetinin yüksəldilməsi xarici siyasət strategiyası ilə tam paralellik təşkil edir. Daxildə konsolidasiya olunmuş cəmiyyət və yad təsirlərdən qorunan ideoloji mühit xarici müdaxilələrə qarşı ən keçilməz sədd hesab olunur.

Yəni möhtərəm Prezidentin tətbiq etdiyi model “özünütəminat”  prinsipinə söykənən müasir dövlət idarəçiliyi nümunəsidir. Qlobal beynəlxalq təşkilatların və böyük güclərin selektiv ədalət nümayiş etdirdiyi bir şəraitdə, dövlət başçısının konseptual yanaşması milli resurslara, daxili ideoloji birliyə və güclü orduya arxalanmağı yeganə effektiv təhlükəsizlik zəmanəti kimi irəli sürür. Bu strategiya Cənubi Qafqazın geosiyasi xəritəsini yenidən formalaşdıran və Azərbaycanı regionun mütləq liderinə çevirən analitik çərçivədir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: