Ermənistan tərəfi bildirir ki, Azərbaycan əsgəri Sünikdə saxlanılıb. Bu da sözügedən mövqedən təxminən hava məsafəsi olaraq 10-12 km deməkdir.
Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert Səxavət Məmməd deyib.
O bildirib ki, sərhədi keçən əsgərimizin Ermənistan postlarında ayıq-sayıqlıq olmadığını aşkara çıxarmış oldu:
“Bir əsgər öz mövqeyini tərk edir, qarşı tərəfə doğru hərəkət edir. Bu o deməkdir ki, qarşı tərəfin postlarında ayıq-sayıqlıq sıfıra bərabərdir. Bundan əlavə, bu həm də o deməkdir ki, Ermənistan ordusunun da texniki müşahidə aparmasında ciddi problemlər var. Başa düşürəm, ərazi dağlıqdır, dərə-təpələr çoxdur, sıx meşə var. Ancaq orduda bəhanə gətirirsənsə, ölmüsən deməkdir! Problem təkcə Ermənistan ordusunun ön postları ilə də bağlı deyil. Əgər bir əsgər 5 gün ərzində Ermənistan daxilində 12 kilometr irəliləyə bilirsə, bu, Ermənistan Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının dərinlikdə heç bir ciddi eşelonlaşdırılmış müdafiə və müşahidə sisteminin olmadığını sübut edir. Ermənistan ordusu ərazidə kəşfiyyat və patrul nəzarətini tam itirib. Əslində əsgərin bu keçidi Azərbaycan ordusu üçün ciddi kəşfiyyat məlumatları da vermiş olur”.
“Ermənistan mətbuatında yer alan xəbərlərdə deyilir ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti qarşı tərəflə əlaqə saxlayıb, məsələ ilə bağlı Ermənistanı məlumatlandırıb. Bu prosesin eskalasiyaya çevrilməməsinin səbəbi DTX-nin qarşı tərəfi operativ məlumatlandırmasıdır. Bu xəbərdarlıq olmasaydı, Ermənistan ordusu bunu “hərbi diversiya qrupunun sızması” kimi qiymətləndirib sərhəddə genişmiqyaslı atışma da başlada bilərdi.
Azərbaycanla Ermənistan arasında razılaşmaya əsasən, qəsdən təxribat törətməyən, azaraq və ya fərdi səbəblərdən sərhədi keçən hərbçilər cinayət təqibinə məruz qalmadan tez bir zamanda qarşılıqlı qaytarılmalıdır. Ona görə də əsgərin qısa zamanda Azərbaycana qaytarılacağı gözləniləndir”, – S.Məmməd bildirib.