“2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu, Ermənistan silahlı qüvvələrinin ordumuzun mövqelərini və yaşayış məntəqələrini atəşə tutmaqla törətdiyi növbəti genişmiqyaslı təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladı. Bu, təxminən 30 il davam edən işğalın, nəticəsiz danışıqların və tarixi ədalətsizliyin yaratdığı reallığın dəyişməyə başladığı gün idi. İlk döyüşlərdən əldə etdiyimiz mühüm hərbi üstünlük, müdafiə xətlərinin yarılması və strateji mövqelərin azad edilməsi Azərbaycan ordusunun gücünü və əzmini bir daha sərgiləmiş oldu”.
Bu sözləri Globalinfo.az-a politoloq Ülviyyə Zülfiqar deyib.
Politoloq bildirib ki, bu qələbəni mümkün edən ən mühüm amillərdən biri xalqın, dövlətin və ordunun vəhdəti oldu:
“Həmin günlərdə hər kəs bir məqsəd ətrafında səfərbər idi. Xalq-iqtidar-ordu həmrəyliyi müharibənin gedişində mənəvi güc mənbəyinə çevrildi. Bu tarixi mərhələdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qəti siyasi iradəsi və nümayiş etdirdiyi əzm Zəfərimizin əsasını təşkil etdi. İllər ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirildi, Ordunun döyüş qabiliyyəti yüksəldildi və ölkənin beynəlxalq mövqeləri möhkəmləndirildi. Müharibənin gedişatında müxtəlif beynəlxalq təzyiqlər və çağırışlar qarşısında dövlət başçısının qətiyyətlə dayanması, hər birinə əzmlə cavab verməsi, hərbi əməliyyatlarla yanaşı siyasi, diplomatik və informasiya mübarizəsinə rəhbərlik etməsi Zəfər salnaməmizin şanlı səhifələrindəndir. Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti və xalqın sarsılmaz iradəsi 44 gün ərzində dəmir yumruq kimi birləşərək Vətən müharibəsini tarixi Zəfərimizlə nəticələndirdi.

Ülviyyə Zülfiqar
Azərbaycan əsgəri və zabiti döyüş meydanında böyük rəşadət göstərdi, ən çətin mövqelərə irəlilədi, Vətən torpağı uğrunda canını əsirgəmədi. Bu qələbə şəhidlərimizin canı və qanının, qazilərimizin sağlamlığının, minlərlə hərbçimizin qəhrəmanlığı və fədakarlığının, Ali Baş komandanın sarsılmaz iradəsinin və misilsiz strategiyasının, xalqımızın birliyinin nəticəsi idi. Vətən müharibəsinin ildönümü həm Zəfərin qürurunu yaşadığımız, həm də bu Zəfəri canı və qanıyla qazanan şəhidlərimizi, müharibə qurbanlarını dərin ehtiramla yad etdiyimiz tarixdir”.
Turan Rzayev
Globalinfo.az