“Elektrikli təyyarələr biletləri yarıbayarı ucuzlaşdıra bilər. Təyyarə biletləri 4, hətta 5 ilə qədər yarıbayarı ucuzlaşa bilər”.
Globalinfo.az xəbər verir ki, bunu türkiyəli bloger Uğur Önver deyib.
O bildirib ki, “Heart Aerospace X1” dünyanın ən böyük elektrikli təyyarəsidir və bir neçə gün əvvəl ilk uçuşunu həyata keçirib:
“Bu uçuşun neçəyə başa gəldiyini eşidəndə təəccüblənəcəksiniz. Qanadlarının uzunluğu 32 metr, çəkisi isə 11 tondur. Müqayisə üçün qeyd edək ki, adi sərnişin təyyarələrinin çəkisi təxminən 40-300 ton arasında dəyişir.
Nyu-Yorkdan havaya qalxan X1 27 dəqiqə uçuş həyata keçirib. Bu uçuş zamanı sərf etdiyi elektrik enerjisinin dəyəri isə cəmi 5 dollar olub.
İndi təsəvvür edin ki, eyni məsafəni ənənəvi yanacaqla işləyən sərnişin təyyarəsi qət edir. Bu zaman saatda minlərlə litr yanacaq sərf oluna bilərdi. Elektrikli təyyarə isə cəmi bir fincan qəhvənin qiymətinə 27 dəqiqə havada qalıb”.
Bloger qeyd edib ki, X1 sərnişin təyyarəsi deyil:
“Bu, eksperimental təyyarədir. Əsas məqsəd isə şirkətin ES-30 modelini inkişaf etdirməkdir. ES-30 30 sərnişin tutumuna malik hibrid təyyarə olacaq. Yəni həm ənənəvi yanacaqla, həm də elektrik enerjisi ilə uça biləcək. Şirkətin planına əsasən, bu təyyarə ilə uçuşların 2030-cu ildə başlaması nəzərdə tutulur.
Bəs düşünə bilirsinizmi, bu texnologiya tətbiq olunanda təyyarə biletləri nə qədər ucuzlaşa bilər? Eynilə elektrikli avtomobillərdə olduğu kimi. Benzin və dizellə işləyən avtomobillərlə müqayisədə elektrikli avtomobillərin istismar xərci nə qədər aşağıdırsa, elektrikli təyyarələrdə də oxşar vəziyyət yarana bilər.
Safura Bənnayeva
Globalinfo.az