2027-ci il Həcc ziyarəti üçün sənəd qəbulu bu il daha erkən başlayacaq. Ziyarət paketinin ilkin qiyməti isə ötən il olduğu kimi 6100 ABŞ dolları (təxminən 10 min manat) müəyyən edilib, lakin qiymətin artacağı da istisna edilmir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemi rəhbəri Vüsal Cahangiri də bu barədə çıxış edib.
Sitat: “Qiymətin az miqdarda artma ehtimalı da istisna deyil. Dünyada baş verən məlum hadisələr fonunda, habelə Krallığın müvafiq qurumları tərəfindən xidmət paketlərinin 4-dən 3-ə endirilməsi, yeni xidmətlərin artırılması səbəbilə müəyyən qiymət artımlarının olması qaçılmazdır. Ziyarət, həmişə olduğu kimi vahid formada təşkil ediləcək və hava nəqliyyatı ilə həyata keçiriləcək”.
Həcc varlıların ibadətinə çevrilir? Sadə vətəndaş üçün alternativ varmı?
Globalinfo.az-a danışan Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib ki, burada məsələ sadə və ya mürəkkəb vətəndaşın ziyarətə getməsi deyil:
“Söhbət insanların hansısa formada ziyarətini həyata keçirməyindən gedir. Bir çox hallarda hədəf olaraq QMİ göstərilir. Amma nəzərə almaq lazımdır ki, qiymətlərin formalaşmasında Səudiyyə Ərəbistanı da əsas rol oynayır. Əgər Səudiyyə Ərəbistanında bu istiqamətdə müəyyən razılaşma yoxdursa, QMİ nə edə bilər? Otel qiymətlərini və digər xərcləri onlar müəyyənləşdirirlər”.

Fazil Mustafa
Deputat bildirib ki, bu məsələdə əsas meyar vətəndaşın maddi imkanları olmalıdır:
“İmkanı və hazırlığı olan insan ziyarətə gedir. İmkanı olmayan insan üçün isə bu, məcburi məsələ kimi qoyulmamalıdır. Əgər qiymətlər Azərbaycanda formalaşsaydı, onların baha olması ilə bağlı irad bildirmək mümkün olardı. Amma burada aviabiletlər, otel və digər xərclər də nəzərə alınmalıdır. Hər il şərtlər dəyişir. Hazırda nəqliyyatla bağlı məhdudiyyətlər və regionda müharibə riskinin olması da qiymətlərin artmasına təsir göstərir. Ona görə də məsələni çox mürəkkəbləşdirməkdənsə, insanlara izah etmək lazımdır ki, kimin imkanı varsa, ziyarətini həyata keçirsin. İmkanı olmayanlara isə gələcəkdə imkan yarandıqda ziyarət etmək nəsib olar”.
Ləman İmran
Globalinfo.az