alim

Alim Qasımov və Üzeyir Mehdizadənin “Nəyindən narahatsan?” dueti ilə bağlı müzakirələr davam edir. Əksəriyyət Alim Qasımovu belə bir duetdə yer aldığı üçün tənqid edir.

Bəs məsələyə peşəkar yanaşması necədir?

Globalinfo.az-a danışan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev mahnını dinləmədiyini bildirib:

“Əksər insanlar deyirlər ki, filankəs bayağı mahnı ifa edir. Bayağı dedikləri şeyin sərhədləri haradan başlayır, harada bitir? Bunu bir nəfər müəyyən edə bilərmi? Bayağı nədir? Bilən də, bilməyən də bu sözü deyir. Məsələn, əsərləri müqayisə edərkən nə bilirlər ki, hansı bayağıdır, hansı bayağı deyil? Əslində, bu, zövqlə bağlı olan məsələdir”.

Bəstəkar qeyd edib ki, insanların zövqü müxtəlifdir və musiqiyə münasibət də fərqli ola bilər:

“Bəzən bir insan hansısa musiqi əsərini bəyənir, digəri isə bəyənmir. Bu, tamamilə normaldır. Deməyim odur ki, bu terminologiya ilə yanaşmaq bizi yanlış nəticəyə gətirə bilər. Kimisə mahnı oxuduğuna görə qınamaq düzgün deyil”.

Cavanşir Quliyev vurğulayıb ki, Alim Qasımovu tənqid edən adamın bu sahədə nə dərəcədə məlumatlı olduğunu nəzərə almaq lazımdır:

“İnsan müəyyən yaşa çatdıqdan sonra öz zövqünə uyğun musiqi seçir. İnsan axtarış aparır və hər kəsin də buna haqqı çatır. Deyirlər ki, Alim Qasımov niyə bu mahnını oxuyur və ya niyə filankəslə oxuyur? Əslində, heç kəsin bu sahədə kiməsə qadağa qoymaq haqqı yoxdur. Alim sənətkar olduğunu, kiminsə sözünü dinləmədiyini hələ illər əvvəl sübut edib və özünü doğruldub. Şəxsən ifaçının kim olduğu mənim üçün heç bir önəm daşımır. Mən mahnıya qulaq asıram və deyirəm: yaxşı əsərdir, yoxsa deyil. Mənim üçün əsas məsələ musiqi əsərinin özüdür”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: