vr 1

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq, Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzindən Globalinfo.az-a bildirilib ki, tədbirdə mərkəzin rəhbəri Akif Marifli çıxış edərək, AzərbaycanÖzbəkistan arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi, qarşılıqlı etimad və dostluğa əsaslanan münasibətləri sayəsində əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.

Vurğulanıb ki, xalqlarımızın ortaq tarixi, dili, mədəniyyəti və mənəvi dəyərləri üzərində qurulan əməkdaşlıq Azərbaycan–Özbəkistan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Akif Marifli Üzeyir Hacıbəylinin Azərbaycan musiqi və teatr sənətinin inkişafındakı müstəsna xidmətlərindən danışıb, bəstəkarın əsərlərinin Özbəkistanda da böyük maraqla qarşılandığını bildirib. Qeyd edib ki, Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsi xalqlarımız arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayır.

Mərkəzin rəhbəri, həmçinin 2025-ci ildə Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yaradılmış “Xarıbülbül” Teatr Truppasının fəaliyyətindən söz açaraq, kollektivin Üzeyir Hacıbəylinin yaradıcılıq irsinin Özbəkistanda təbliğinə töhfə verdiyini vurğulayıb.

Daha sonra Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Mahir Cəfərov Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun tədbir iştirakçılarına ünvanladığı təbrik nitqini çatdırıb.

Təbrik nitqində Azərbaycan və Özbəkistan xalqlarını əsrlər boyu formalaşmış möhkəm tarixi, mənəvi və mədəni bağların birləşdirdiyi vurğulanıb. Bildirilib ki, bu möhkəm təməl üzərində iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində uğurla inkişaf edir.

Qeyd olunub ki, humanitar və mədəni əlaqələr xalqlarımızın daha da yaxınlaşmasında mühüm rol oynayır. Qarşılıqlı mədəni layihələr və yaradıcı təşəbbüslər Azərbaycan–Özbəkistan qardaşlığının möhkəmlənməsinə və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzi tərəfindən süni intellekt vasitəsilə hazırlanan, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən xatirə filmi nümayiş etdirilib.

Tədbirin bədii hissəsində isə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Xarıbülbül” Teatr Truppası və “Qarabağ Zəfəri” Rəqs Ansamblının birgə iştirakı ilə Üzeyir Hacıbəylinin dünyaşöhrətli “Arşın mal alan” operettası təqdim olunub.

vr 2 vr 3 vr 4 vr 5 vr 6y

Paylaş: