Tədris ilinin başlaması ilə Bakıda nəqliyyat sıxlığı yenidən əsas gündəm mövzularından birinə çevrilib. Məktəblərlə yanaşı, universitetlərdə dərslərin başlaması da paytaxt yollarında avtomobil və sərnişin axınının artmasına təsir göstərir. Xüsusilə səhər saatlarında məktəb və universitet istiqamətində yaranan sıxlıq şəhərdə nəqliyyat yükünün bölüşdürülməsi məsələsini aktuallaşdırır.
Elm və təhsil naziri Emin Əmrullayev daha əvvəl məktəblərdə dərs saatının dəyişdirilməsinin valideynlərin iş qrafiki ilə bağlı çətinliklər yaratdığını bildirmişdi. Lakin ali təhsil müəssisələrində fərqli dərs qrafiklərinin tətbiqi mümkündür. Bu baxımdan universitetlər üçün ayrıca iş rejiminin müəyyənləşdirilməsi və dərs saatlarının mərhələli şəkildə dəyişdirilməsi Bakıda səhər sıxlığının azalmasına kömək edə bilərmi?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, universitetlərdə dərs və iş saatlarının dəyişdirilməsi, hansısa yeni mexanizmlərin tətbiq edilməsi müsbət nəticə verə bilər:
“Bu, təkcə yollarda avtomobillərin yaratdığı tıxacın deyil, həm də ictimai nəqliyyatda sərnişin sıxlığının azalmasına gətirib çıxara bilər. Çünki dərslər və işlər eyni vaxtda başlayanda tələbələrin bir qismi taksidən istifadə edir. Amma bunların tıxacın qarşısını tamamilə alacağını deyə bilmərik”.
Elməddin Muradlı
Ekspert bildirib ki, taksidən istifadə ilə bağlı tendensiya yaranıb:
“İllərlə taksidən istifadə etməyən insanlar pandemiya dövründə bir-iki dəfə taksiyə mindilər və indi də onları taksidən uzaqlaşdırmaq mümkün deyil. Yəni ictimai nəqliyyatla gedə biləcəkləri məsafələrdə belə bəzi insanlar sadəcə rahatlıq xatirinə və ya başqa səbəbdən taksidən istifadə edirlər. Ona görə də yollarda nəqliyyat axını bir qədər xaotik vəziyyətə gəlib çıxıb. Universitetlərin bu prosesə cəlb olunması, dərs və iş saatlarının dəyişdirilməsi yalnız müəyyən bir yüngüllük yarada bilər. Amma bunun əsaslı bir dönüş yaradacağını və qeyri-adi bir nəticə ortaya çıxaracağını deyə bilmərəm”.
Zaira Akifqızı
Globalinfo.az