Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib ki, anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi qurumun əməkdaşları prosesə cəlb olunublar:
“Uşağın səhiyyə müəssisəsində mövcud vəziyyəti qiymətləndirilib və o, daimi qayğı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun olaraq agentlik tərəfindən 1 nömrəli körpələr evinə yerləşdirilib. Körpənin vəziyyəti mütəmadi olaraq diqqətdə saxlanılacaq”.
***14:36
Ötən gün Sabunçuda ananın doğuşdan sonra qolları olmayan körpəsindən rəsmi şəkildə imtina etməsi ilə bağlı təfərrüat məlum olub.
Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, avqustun 27-si saat 00:40 radələrində 1985-ci il təvəllüdlü hamilə təcili tibbi yardım briqadası tərəfindən Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Qeyd edilib ki, hamiləliyinin 36-cı həftəsində olan şəxsə doğuşun I dövrü, dölyanı mayenin vaxtından əvvəl axması diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib: “Pasiyent üzərində qeysərriyyə əməliyyatı icra olunub və cinsi oğlan, boyu 47 sm., çəkisi 2 kq. 600 qr. olan uşaq çoxsaylı inkişaf qüsurları ilə dünyaya gəlib.
Zahı qadın sonrakı müşahidə və müalicə mərhələsi başa çatdıqdan sonra, avqustun 30-da yazılı iltizamnamə yazaraq, övladından imtina edərək tibb müəssisəsini tərk edib.
Bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Körpənin tibb müəssisəsində olduğu müddət ərzində ona zəruri tibbi xidmətlər göstərilib və müvafiq tibbi nəzarət təmin olunub. Azyaşlı 10.09.2026-cı il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil verilib”.