iran 1111 900x565 1

İran ABŞ sanksiyalarının təsirini azaltmaq və Çindən zəruri məhsullar almaq üçün neft gəlirlərinə əsaslanan, barter sisteminə bənzər gizli mexanizm qurub. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu sistem vasitəsilə İrana Çindən dərman, avtomobil, rabitə avadanlığı və infrastruktur üçün müxtəlif məhsullar gətirilir:

“Son bir il ərzində sözügedən mexanizmdən milyonlarla dollar dəyərində hava hücumundan müdafiə vasitələrinin İrana tədarükü ilə bağlı ən azı bir müqavilədə də istifadə olunub.

Mexanizmin əsas xüsusiyyəti İran və Çin şirkətləri arasında birbaşa ödənişlərin beynəlxalq bank sistemi üzərindən həyata keçirilməməsidir. Bunun əvəzinə İranın neft satışından əldə etdiyi vəsait xüsusi strukturlara yönəldilir və daha sonra həmin vəsait Çinli təchizatçıların ödənişlərinə sərf olunur.

Son bir il ərzində xüsusi təyinatlı strukturdan (SPV) təxminən 2-2,5 milyard dollar keçmiş ola bilər. Bu vəsaitin təxminən 70 faizi İrandakı infrastruktur layihələrinə, qalan hissəsi isə ölkəyə gətirilən Çin mallarının ödənişinə yönəldilib”.

Qeyd olunub ki, bu mexanizm Pekinə də iqtisadi üstünlük verir:

“Çin bir tərəfdən İrandan daha ucuz qiymətə neft əldə etmək imkanını qoruyur, digər tərəfdən isə İranla ticarət aparan Çin bankları və şirkətləri üçün sanksiya risklərini azaltmağa çalışır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: