Azərbaycanda və dünyanın bir çox ölkələrində müşahidə olunan iqlim anomaliyaları iqlim dəyişiklikləri ilə mübarizənin və bu istiqamətdə tədbirlərin gücləndirilməsinin nə dərəcədə vacib olduğunu bir daha göstərir.
Globalinfo.az xəbər verir ki, bunu “Bakı İqlim Həftəsi 2026″ (BCAW 2026) çərçivəsində keçirilən “Süni intellektin çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” mövzusunda paneldə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
O bildirib ki, süni intellekt erkən xəbərdarlıq sistemlərinin effektivliyini artıra bilər:
“24 saat öncədən verilən xəbərdarlıq itkiləri 9 faizə qədər azalda bilər. Bu, erkən xəbərdarlıq sistemlərinin insan həyatının və əmlakın qorunmasında nə dərəcədə vacib olduğunu göstərir”.
Umayra Tağıyevanın sözlərinə görə, hazırda dünya süni intellektin dəstəyi ilə ciddi transformasiya və yeni imkanlar mərhələsinə keçir:
“Təsadüfi deyil ki, bu məsələnin əhəmiyyəti bütün qlobal platformalarda öz əksini tapmaqdadır. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” ölkəmizin bu sahədə siyasətini müəyyən edən önəmli sənəddir”.
O qeyd edib ki, strategiyanın icrası Azərbaycanda süni intellektin inkişafı və tətbiqi sürətini artıracaq, bu sahədə daha sistemli yanaşmanın formalaşmasına, innovasiyaların və yeni texnologiyaların tətbiqi üçün əlverişli mühitin yaradılmasına, müvafiq infrastrukturun və insan kapitalının gücləndirilməsinə imkan verəcək: “Bu strateji yanaşma iqlim dəyişmələri ilə mübarizədə də yeni imkanlar yaradacaq. Xüsusilə erkən xəbərdarlıq sistemlərinin qurulması və inkişafına dəstək göstərəcək. Süni intellektin xəbərdarlıq sistemləri ilə inteqrasiyası iqlim risklərinin daha sürətli qiymətləndirilməsinə və qabaqlayıcı tədbirlərin görülməsinə imkan verəcək”.
Umayra Tağıyeva ekstremal hava hadisələrinin monitorinqinin və proqnozlaşdırılmasının inkişaf etdirilməsinin artıq seçim olmadığını əlavə edib.