WhatsApp Image 2026 09 03 at 12.53.06

Rusiya Prezidenti Vladimir Putinin Bişkekdə Ermənistanla bağlı açıqlamaları xüsusi diqqət çəkdi. Putin, Rusiya hərbi bazasının Ermənistanda Türkiyə təhlükəsinə görə yerləşdirildiyini, artıq İrəvanla Ankara arasında münasibətlərin normallaşmasından sonra erməni xalqı istəməyəcəyi təqdirdə bazanın bu ölkədən çıxarıla biləcəyini söyləyib.

Putin bu məsələni niyə İrəvanın boynuna qoyur? Ermənistanın həqiqətən öz ərazisində rus ordusunun hissələrinə ehtiyacı varmı? Artıq belə təhdid aradan qalxmış kimi görünür, Putin bu bəyanatında nə dərəcədə ciddidir?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Putinin Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası ilə bağlı bəyanatı siyasi-strateji mesaj kimi qiymətləndirilməlidir:

“Bu açıqlamanın əsas mahiyyəti Rusiyanın Ermənistandakı hərbi mövcudluğundan könüllü şəkildə imtina etməsindən daha çox, təhlükəsizlik modelinin dəyişdirilməsi ilə bağlı məsuliyyəti İrəvanın üzərinə qoymaqdır. Rusiya bununla Ermənistan rəhbərliyinə kifayət qədər aydın sual ünvanlayır ki, Moskva ilə formalaşmış təhlükəsizlik mexanizmlərindən uzaqlaşma baş verdiyi halda, ölkənin təhlükəsizliyini kim və hansı real imkanlarla təmin edəcək? Əslində, bu sual uzun müddətdir müzakirə edilir. Çünki mövcud təhlükəsizlik tərəfdaşından imtina etmək və onun yaratdığı hərbi-siyasi imkanları adekvat və dayanıqlı alternativlə əvəzləmək heç də asan deyil.

Bu iki proses arasında ciddi strateji fərq mövcuddur. Ermənistanın Gümrüdəki bazaya əvvəlki səviyyədə ehtiyac duyub-duymaması isə regionda baş verən fundamental geosiyasi dəyişikliklər fonunda nəzərdən keçirilməlidir. Son illərdə İrəvanın xarici və təhlükəsizlik siyasətində diversifikasiya meylləri güclənib. Türkiyə-Ermənistan münasibətlərində normallaşma istiqamətində atılan addımlar, Bakı və İrəvan arasında sülh gündəliyinin formalaşması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması perspektivi Ermənistanın ənənəvi təhlükəsizlik yanaşmasına yeni şərtlər gətirib. Ona görə də, Gümrü bazasının gələcəyini yalnız Rusiya-Ermənistan münasibətləri çərçivəsində qiymətləndirmək də doğru olmazdı. Bu məsələ bütövlükdə Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşması ilə birbaşa bağlıdır. Azərbaycanla sülh prosesinin irəliləməsi, sərhədlərin qarşılıqlı tanınması, delimitasiya və demarkasiya prosesinin dərinləşməsi və nəqliyyat-kommunikasiya xətlərinin açılması regionda hərbi qarşıdurma risklərini azaltmaqla yanaşı, təhlükəsizlik prioritetlərinin də dəyişməsinə səbəb ola bilər”.

Ayten Qurbanova 1532 900x614 1
Aytən Qurbanova 

Politoloq bildirib ki, Putinin “sabah çıxmağa hazırıq” ifadəsini isə hərfi mənada qəbul etmək düzgün olmaz:

“Çünki Rusiya ilə Ermənistan arasında 102-ci hərbi bazanın fəaliyyətini və hüquqi statusunu müəyyən edən müvafiq razılaşmalar mövcuddur. Buna görə də hərbi kontingentin çıxarılması yalnız siyasi qərarla məhdudlaşmır, müəyyən hüquqi və praktiki prosedurlar tələb edir. Deməli, sözügedən ifadə daha çox Moskvanın siyasi iradəsini və mövqeyini nümayiş etdirir. Beləliklə də, Kremlin mesajı kifayət qədər aydındır, yəni Ermənistan öz təhlükəsizlik modelini dəyişmək hüququna malikdir, lakin belə bir qərarın strateji nəticələrinə görə məsuliyyəti də özü daşımalıdır. Nəticə etibarilə, Putinin bəyanatını Rusiyanın Ermənistandan dərhal hərbi-siyasi çəkilməyə hazırlaşması kimi deyil, İrəvana ünvanlanmış strateji seçim mesajı kimi qiymətləndirmək daha məqsədəuyğundur.

Ermənistan üçün əsas sual isə Rusiyanın Gümrüdən çıxıb-çıxmayacağı deyil. Əsas məsələ ondan ibarətdir ki, mövcud təhlükəsizlik mexanizmi zəiflədiyi və ya aradan qalxdığı halda onun yerində hansı real, etibarlı və uzunmüddətli təhlükəsizlik sisteminin formalaşdırılması mümkün olacaq. Cənubi Qafqazın gələcək sabitliyi də böyük ölçüdə məhz bu sualın cavabından asılı olacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: