“Prezident İlham Əliyevin Özbəkistana səfərinin nəticələri göstərir ki, Bakı–Daşkənd münasibətləri siyasi bəyanatlardan konkret iqtisadi layihələr mərhələsinə keçib. Əməkdaşlığın energetika, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, bankçılıq, avtomobil istehsalı və investisiya kimi çoxsaylı istiqamətlərin eyni vaxtda inkişaf etdirilməsi uzunmüddətli iqtisadi tərəfdaşlıq modelinin formalaşdığını göstərir”.
Bu sözləri Globalinfo.az-a politoloq Yusif Bağırzadə deyib.
O bildirib ki, Prezidentin də qeyd etdiyi kimi, artıq 1 milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, real və yaxın perspektivdə əldə edilə biləcək nəticə kimi danışılır:
“Bu ifadə təsadüfi deyil. Çünki iki ölkə arasında birgə layihələrin portfeli artıq milyardlarla dollarla ölçülür və qarşılıqlı investisiyalar getdikcə daha çox konkret istehsal və xidmət sahələrinə yönəlir.
Burada Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun rolunu ayrıca qeyd etmək lazımdır. Fond üçün 500 milyon dollarlıq vəsait nəzərdə tutulub və Prezidentin bildirdiyinə görə, artıq bunun təxminən 160 milyon dollarlıq hissəsi konkret layihələr üzrə müəyyənləşdirilib. Bununla belə, ümumi investisiya portfeli fondun həcmini əhəmiyyətli dərəcədə üstələyir. Özbəkistanın turizm sektoruna böyük həcmli investisiya planları, Daşkənddə hotel və yaşayış kompleksləri, Azərbaycanda isə avtomobil sənayesi və digər sahələrdə layihələr qarşılıqlı kapital axınının yeni mərhələyə keçdiyini göstərir.
Azərbaycan üçün Özbəkistanın avtomobil sənayesi təcrübəsinin ölkəyə gətirilməsi də xüsusi əhəmiyyət daşıyır. Hacıqabulda həyata keçirilən layihələr üzrə 80 milyon dollardan artıq investisiya nəzərdə tutulması yalnız bir zavodun yaradılması məsələsi deyil. Bu əməkdaşlıq yerli istehsal imkanlarının genişləndirilməsi, sənaye kooperasiyasının inkişafı və Özbəkistanın istehsal təcrübəsinin Azərbaycana transferi baxımından strateji əhəmiyyət daşıyır”.

Yusif Bağırzadə
Politoloqun sözlərinə görə, digər mühüm istiqamət nəqliyyat və tranzitdir:
“Özbəkistan üçün Azərbaycan üzərindən Qərb bazarlarına çıxış imkanlarının genişlənməsi Orta Dəhlizin əhəmiyyətini artırır. Xəzərdə Özbəkistan-Azərbaycan dəhlizinin yaradılması, Özbəkistan üçün bərə layihəsinin sürətləndirilməsi və yükdaşımaların artırılması iki ölkənin ticarət əlaqələrini logistika infrastrukturu ilə birləşdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın həyata keçirdiyi dəmir yolu layihələri Orta Dəhlizin mühüm qollarından birinə çevrilə bilər.
Bu kontekstdə Qarabağ amili də xüsusi siyasi və mənəvi məna daşıyır. Özbəkistan azad edilmiş ərazilərin bərpasına praktiki dəstək göstərən ilk ölkələrdən biridir. Bütün bunların üzərinə enerji əməkdaşlığını da əlavə etdikdə münasibətlərin strateji xarakteri daha aydın görünür. SOCAR-ın Özbəkistan bazarına daxil olması, neft-qaz kəşfiyyatı üzrə layihələrin yekun mərhələyə çatması və gələcəkdə istismar quyularının qazılmasının planlaşdırılması iki ölkənin enerji sahəsində də uzunmüddətli əməkdaşlıq qurduğunu göstərir.
Beləliklə, Daşkənd səfərinin nəticələrini yalnız Azərbaycan–Özbəkistan münasibətlərinin növbəti inkişaf mərhələsi kimi qiymətləndirmək kifayət deyil. Burada daha böyük proses, Mərkəzi Asiya ilə Cənubi Qafqazın nəqliyyat, investisiya, enerji və istehsal zəncirləri vasitəsilə bir-birinə bağlanması prosesi gedir. İki ölkənin qarşılıqlı layihələri artdıqca bu əməkdaşlıq təkcə iqtisadi gəlir yaratmayacaq, həm də regionda yeni geoiqtisadi reallığın möhkəmlənməsinə xidmət edəcək”.
Turan Rzayev
Globalinfo.az