Məktəbdə xəsarət alan uşağın anası: “Yoldaşıma deyib ki…”

“Qızım deyir ki, məktəbdə oynayan zaman sinif yoldaşı ilə toqquşub. Toqquşarkən isə heç bir tibbi müdaxilə olunmayıb”.

Bu sözləri Globalinfo.az-a paytaxtın Sabunçu rayonunda 90 saylı məktəbdə xəsarət alan şagirdin anası Vüsalə Məmmədzadə deyib.

O, məktəbdə tibb bacısı olduğu halda çağırılmadığını bildirib:

“Uşaq ağır vəziyyətdə məktəbdə saxlanılıb, amma təcili yardım çağırmayıblar. Müəllim hadisədən bir qədər sonra yoldaşıma zəng edib uşağın yüngül formada xəsarət aldığını bildirib. Hətta müəllim sinif uşaqlarına deyib ki, gedin termosunuzdakı suyu uşağın alnına qoyun. Mən məktəbin tibb bacısından uşaqla iyə maraqlanmadığını soruşduqda, müəllimin ona məlumat vermədiyini dedi”.

Valideyn hadisənin noyabrın 7-də baş verdiyini bildirib:

“Hazırda qızımın müalicələri ilə məşğulam. Bu neçə gündə nə direktor, nə müəllim özündə məsuliyyət hiss edib uşağımın yarımçıq qalan təhsili və sağlamlığı ilə maraqlanmayıb. Ümumiyyətlə, onlar bu məsələnin gizli qalmasını istəyirdilər. Hadisədən sonra direktora zəng edən zaman müəllim onu qeyri-iş günündə narahat etməməyimi tapşırdı. Amma biz polis bölməsinə getdikdən sonra rəhbərlik mənimlə əlaqə saxlamağa çalışdı. Belə çıxır ki, polisin müdaxiləsi olmasa idi, direktor və müəllimin bizimlə əlaqə saxlamaq yadın düşməzdi”.

V.Məmmədzadə dünən müəllimin həyat yoldaşının ailəyə zəng etdiyini deyib:

“Adam yoldaşıma zəng edərək videoları niyə yayımladığımızı soruşur. Hətta mən polisə şikayət edərkən müəllim mənə bunları dei: “102 xidmətinə niyə şikayət edirsən, uşaq ölməyib ki”. Ayın 7-dən övladımın həm sağlamlığında ciddi problem yaranıb, həm təhsili yarımçıq qalıb, amma maraqlanan yoxdur”.

Ananın sözlərinə görə, direktor məsələni “ört-basdır” etməyə çalışır:

“Rəhbərlik mənə məsələni öz aramızda həll etməyi təklif etdi, lakin razılaşmadım. Direktor deyir ki, biz şikayət etdikcə, vəzifəsinə xələl gəlir. O öz vəzifəsini düşünə bilər, mən övladımın canının qayğısına qalmamalıyam?!. Yaxşı, deyək, hadisədir olub. Bəs nəyə görə həkim çağırılmayıb?! Ən azından özü də xəstəxanaya apara bilərdi, etmədi”.

V.Məmmədzadə qızının əməliyyat oluna biləcəyini bildirib:

“Hazırda cərrah müayinə edəcək. Biz uşağın gözünü 9 gün sonra dərmanlarla, müalicələrlə açmışıq. Gözünün üst nahiyyəsində, qaşının altında göz hematoması var. Lazım olarsa, yığılıb qalan qanı əməliyyat vasitəsilə çıxaracaqlar”.

Zaira Akifqızı
Globalinfo.az