baki tbilisi 0 scaled

Bakı-Tbilisi sərnişin qatarı ilə bağlı cəmiyyətdə ciddi müzakirələr gedir. Xüsusilə biletlərin əlçatanlığı, qiymətlər və Tbilisidən Bakıya geri dönüş biletlərinin tapılmaması ictimai müzakirələrin əsas mövzularındandır.

Globalinfo.az mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli ilə müsahibəni təqdim edir:

– Natiq bəy, Bakı-Tbilisi sərnişin qatarının işə düşməsindən 3 aya yaxın vaxt keçir. 6 ildən artıq müddətdən sonra bu reys yenidən işə salınsa da, ilk gündən layihə ictimai məmnunluq qazana bilmədi. Sizcə, bunun səbəbi nədir? Bu yanaşma obyektivdirmi, yoxsa cəmiyyətin həddindən artıq tələbkar və təftişçi olması burada rol oynayır?

Bakı-Tbilisi qatarının fəaliyyətə başlamasından sonra tam məmnunluğun yaranmamasının bir neçə səbəbi var. Qiymətlər gözləntilərdən yüksək oldu. İnsanların gözləntisi daha aşağı qiymətlərin olacağı istiqamətində idi.

Ümumiyyətlə, insanlar quru sərhədlərin bağlı olmasını həzm edə bilmirlər, necə deyərlər, bunu bağışlaya bilmirlər. Ona görə də həm ümumilikdə, həm də Azərbaycan Dəmir Yollarına (ADY) qarşı həddindən artıq tənqidi münasibət var. Tənqidlərin çox olmasının əsas səbəblərindən biri, dediyim kimi, quru sərhədlər məsələsidir.

Qatarlar reysinin bərpası yaxşı haldır. Amma gözləntilərə tam cavab vermədi. Çünki qiymət və biletlərin əlçatanlığı ictimai etirazlara səbəb oldu. Bununla bağlı insanların, vətəndaşların narazılığı və qeyri-məmnunluğu açıq-aşkar görünür.

– Əsas tənqid biletlərin əlçatan olmaması ilə bağlıdır. Bu məsələ necə tənzimlənməlidir?

– Biletin qiyməti ən çox tənqid olunan məsələlərdəndir. Bakıdan Tbilisiyə və əks istiqamətdə, yəni Tbilisidən Bakıya biletlərin əlçatan olmaması ilə bağlı kifayət qədər çox məlumat yayılır. Burada həm qiymət məsələsi, həm də texniki problemlərlə, məsələn, bəzən Tbilisidən Bakıya bilet almağın mümkün olmaması və ya çətinliyi ilə bağlı narazılıqlar var. Amma mən bilet satışının təşkilində ciddi problem görmürəm. Onlayn satış təşkil olunub, biletləri oflayn qaydada da almaq mümkündür. Əsas problem bilet sayının azlığıdır. Tələbat çoxdur, hətta həddindən artıq çoxdur, amma bilet sayı tələbatı tam qarşılamağa kifayət etmir.

Hazırda yeni vaqonların əlavə olunması ilə bağlı məlumatlar da var. Ola bilər ki, yay aylarından sonra tələbat da müəyyən qədər azalsın. Çünki hazırda əsas tələbat məhz yay aylarına təsadüf edir. Əminəm ki, sentyabrın 15-20-dən sonra tələbatda müəyyən azalma olacaq və biletlərin əlçatanlığı da artacaq. Mənim gözləntim budur.

– Sizcə, bilet qiymətləri göstərilən xidmətlə uyğundurmu? Bəzi istiqamətlərə biletlərin qiymətinin şişirdildiyi iddiası var. Sizin iqtisadçı kimi bu məsələyə münasibətiniz maraqlı olar.

– Qiymətlərin formalaşmasına istənilən sahədə bir sıra amillər təsir göstərir. Burada həm maya dəyəri, həm göstərilən xidmətlərin qiymətləndirilməsi, həm də tələb-təklif qanunu əsas rol oynayır. Tələb-təklif iqtisadiyyatın əsas qanunlarından biridir. Hazırda burada tələb çoxdur, təklif isə az. Yəni bilet sayı məhduddur, tələbat isə kifayət qədər yüksəkdir. Bu da təbii olaraq qiymətlərin daha yüksək olmasına gətirib çıxarır.

Digər məsələ isə Azərbaycan Dəmir Yollarının bu istiqamətdə faktiki olaraq inhisarçı mövqedə olmasıdır. Başqa bir dəmir yolu şirkəti yoxdur ki, alternativ istiqamətdən Gürcüstana daxil olsun və burada rəqabət yaransın. Bu baxımdan, yeganə real rəqabət imkanının yaranması quru sərhədlərin açılması ilə bağlıdır.

Hamımız bunu gözləyirik və ümid edirik ki, quru sərhədlər açıldıqdan sonra qiymətlərin daha real səviyyəyə gəldiyini görəcəyik. Çünki quru sərhədlər açıq olan dövrdə də təyyarələr uçurdu, qatarlar hərəkət edirdi və həmin vaxt qiymətlərlə bağlı ciddi narazılıq yox idi.

natiq ceferli real 2

Natiq Cəfərli

– Son günlər əsas müzakirə olunan məsələ Tbilisidən Bakıya geri dönüş biletlərinin tapılmamasıdır. Bəzi iddialara görə, Gürcüstan tərəfi bu məsələyə adekvat yanaşmır. İddia edilir ki, müəyyən şirkətlər, dəllallar öncədən biletləri alır, sonra onları onlayn sistem üzərindən baha qiymətə satır. Deyilənə görə, burada əsas məqsəd yalnız pul qazanmaq deyil, ADY-ni nüfuzdan salmaqdır. Sizcə, bu iddianın əsası ola bilərmi?

– Tbilisidən Bakıya satılan biletlərin tapılmaması, bilet sayının az olması və bunun insanlarda narazılıq yaratması məsələsi mütləq araşdırılmalıdır. Əsl səbəblərin nədən ibarət olduğunu, açığı, bilmirəm. Əgər biletləri topdan şəkildə alıb, sonra başqa sistem üzərindən satmaq mümkündürsə, bu da mənə inandırıcı gəlmir. Çünki bilet alınarkən sərnişinin adı, soyadı və pasport məlumatları qeyd olunmalıdır. Bu baxımdan, biletlərin necə toptan şəkildə alına bilməsi sual doğurur.

Ona görə də bu məsələ ciddi araşdırılmalıdır. Bununla bağlı yaranan narazılıq Azərbaycan Dəmir Yollarının nüfuzuna da zərər vurur. ADY özü də bu məsələnin araşdırılmasında maraqlı olmalı və nəticə barədə ictimaiyyətə məlumat verməlidir. Mən texniki baxımdan bunun hansı formada həyata keçirildiyini dəqiq deyə bilmərəm. Amma əgər biletlər fərdi qaydada, konkret şəxslərin adına rəsmiləşdirilirsə, o zaman topdan bilet alınmasının nə mənası var və ya bu, ümumiyyətlə, necə baş verə bilər? Əgər belə bir imkan varsa, bunun qarşısı alınmalıdır. Adsız, soyadsız bilet almaq və sonradan onu alıb-satmaq mümkündürmü, bunu da texniki olaraq bilmirəm. Açığı, bunun mümkün olduğunu düşünmürəm.

Ona görə də bu, ciddi araşdırma mövzusu olmalıdır. Azərbaycan Dəmir Yolları bu məsələyə aydınlıq gətirməli, biletlərin hansı qaydada satıldığını və onların topdan şəkildə alınıb-alınmasının mümkün olub-olmadığını ictimaiyyətə izah etməlidir.

– Deyilənə görə, baş verən bu çətinliklə bağlı ADY rəhbərliyi Gürcüstan tərəfinə təsir edə bilmir. Bildirilir ki, bu məsələdə nüfuz, əlaqə, şəxsi münasibət çatışmazlığı var. Siz həm də əslən Borçalıdansınız. Bu səbəbdən məsələnin mahiyyəti haqda daha detallı məlumatınızın ola biləcəyini düşünürəm…

– Düşünmürəm ki, burada hansısa nüfuz məsələsi ön plandadır. Gürcüstan Dəmir Yollarının özü də bu məsələdə maraqlıdır. Hətta israr edir ki, əlavə reyslər açılsın, əlavə vaqonlar olsun. Gürcüstan tərəfi, ümumiyyətlə, Azərbaycanla dəmir yolu əlaqələrinin və sərhədlərin açılmasının tərəfdarıdır.

Ona görə fikrimcə, burada hansısa formada şəxsi münasibətlərin və ya şəxsi nüfuzun önə çıxması ikinci dərəcəli məsələdir. Əsas məsələ dövlət maraqlarıdır. Gürcüstanın davranışlarından da görünür ki, onların dövlət marağı ölkəyə daha çox insanın gəlməsi, azərbaycanlıların da Gürcüstana rahat şəkildə səfər etməsi, sərhədlərin açılması və gediş-gəlişin artmasından ibarətdir.

İndi Azərbaycan Dəmir Yolları bu kommunikasiyanı qura bilmirsə və ya kommunikasiya zəif qurulursa, bu, artıq başqa məsələdir. Bununla bağlı özləri də nəticə çıxarmalıdırlar. Amma açığı, Azərbaycan Dəmir Yollarının kommunikasiya qurmaq baxımından ciddi problem yaşadığını da görməmişəm. Əksinə, burada adekvat yanaşma nümayiş etdirmək lazımdır.

Çünki çoxlu sayda xarici səfərlər həyata keçirilir, müxtəlif müqavilələr imzalanır, yükdaşımaların həcmi artır. Ona görə də ümumi kommunikasiya baxımından ciddi problem olduğunu düşünmürəm. Yəqin ki, hansısa formada maraqların kəsişməsi və ya toqquşması ola bilər. Bu da yalnız danışıqlar yolu ilə, masa arxasında həll edilə biləcək məsələdir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: