putinxerite 900x507 1

Rusiya ilə Yaponiya arasında uzun illərdir davam edən Kuril adaları böhranı yenidən alovlanıb. Rusiya Prezidenti Vladimir Putinin Kuril adaları qrupuna daxil olan İturupa səfəri Tokionun sərt reaksiyasına səbəb olub. Səfərlə bağlı Moskvaya “qətiyyətli etiraz” edilib və adaların Yaponiyaya məxsus olduğunu bildirilib.

Gərginlik hansı nəticələrə səbəb ola bilər? Yaponiya tələb etdiyi adaları almaq üçün hərbi yola əl atarmı? 

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Yaponiya ilə Rusiya arasında çox ciddi ixtilaf var:

“Yaponiya dəfələrlə İturup (Etorofu), Kunaşir (Kunashiri), Şikotan və Habomai adacıqlarını geri almaq istəyib, çünki buralar Yaponiyaya məxsus olub. İkinci Dünya müharibəsindən sonra SSRİ bu adaları özünə birləşdirib. İndiyə qədər də bu ölkələr arasında sülh sazişi imzalanmayıb. Yaponiya adalarla bağlı mövqeyini təkrar edir. Hakimiyyətə gəlmiş xanım baş nazir xüsusilə Rusiya ilə bağlı barışmaz mövqe sərgiləyir”.

Politoloq deyib ki, burada ABŞ-ın siyasi xəttinin izləri də görünür:

ABŞ-ın Avropa və NATO ilə münasibətlərini soyutması fonunda Vaşinqton özünə alternativ tərəfdaşlar axtarır. Belə olan halda yaranmış boşluq da uzun müddət boş qalmır. Avropa İttifaqı özünün yeni müttəfiq qrupunu formalaşdırır. Söhbət Yaponiya, Cənubi Koreya, Filippin və Avstraliyadan gedir. Göründüyü kimi, bu, özünəməxsus bir ittifaqdır.

tofiq abbasov 900x600 1

Tofiq Abbasov

ABŞ anlayır ki, Çinlə gec-tez toqquşma baş verə bilər. Bu toqquşma hələ baş verməyib, amma Vaşinqton indidən öz mövqelərini gücləndirməyə və mümkün qarşıdurmaya hazırlaşmağa çalışır. Yaponiya rəsmiləri də Vaşinqtondan verilən vədlərin yerinə yetirilməsini tələb edirlər.

Tokio bu məsələdə Rusiyaya güzəştə getmək istəmir. Lakin indiki şəraitdə Rusiyanın mövqeyi barışmazdır: torpaq verməkdən söhbət belə gedə bilməz. Putinin Ukrayna ilə bağlı hədəfi böyük əraziləri ələ keçirməkdir. Belə olan halda onun Yaponiyaya ərazi güzəşti etməsi mümkün deyil”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: