Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə davam edən münaqişədə Rusiyanın qalib gələcəyinə əmin olduğunu bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında dərc olunan məlumata əsasən bildirilir.
Məlumata görə, Putin bu fikri Rusiya Teatr Xadimləri İttifaqının sədri Vladimir Maşkovla görüş zamanı səsləndirib və Maşkovun çıxışında səsləndirdiyi fikirlərlə razılaşdığını bildirib.
Görüş zamanı Maşkov RSFSR xalq artisti Stanislav Lyubşinin uşaqlıq illərinə aid bir xatirəni danışıb. O bildirib ki, Lyubşin 1945-ci il mayın 9-da, 12 yaşında olarkən süd almaq üçün növbədə dayanmışdı. Həmin vaxt küçələrdə insanların qəfil sevinc içində bayrama başladığını görsə də, əvvəlcə bunun səbəbini anlamamışdı.
Maşkovun sözlərinə görə, bir müddət sonra mağazanın satıcısı qapını açaraq belə demişdi: “Yoldaşlar, Qələbə! Süd olmayacaq”. Bu ifadə İkinci Dünya müharibəsində qələbənin elan edilməsinə işarə kimi təqdim olunub.
Daha sonra Vladimir Maşkov Ukraynadakı müharibəyə toxunaraq Rusiyanın bu qarşıdurmada qalib gələcəyinə inandığını bildirib. O vurğulayıb ki, ölkə öz təhlükəsizliyini, mədəniyyətini və dəyərlərini qorumağa nail olacaq.
Vladimir Putin isə Maşkovun bu fikirlərini dəstəkləyərək, Rusiyanın qarşıya qoyduğu məqsədlərə çatacağına əminliyini ifadə edib.
Tahir Turan
Globalinfo.az