Tural Sadıqlının ardınca bu dəfə “bloger” Ələmdar Bünyadov Almaniyada səfərdə olan Azərbaycan nümayəndə heyətinə yaxınlaşaraq bəzi “iddialar” səsləndirib.
İlk növbədə qeyd edim ki, Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov və digər yüksək vəzifəli dövlət nümayəndələrinin xarici səfərlər zamanı qarşılarına çıxan hər bir şəxslə danışmaq və ya ünvanlanan suallara cavab vermək kimi hüquqi, protokol öhdəliyi yoxdur. Dövlət rəsmisinin xarici səfəri adi ictimai görüş deyil. Çünki burada müəyyən edilmiş proqram, diplomatik qaydalar və təhlükəsizlik prinsipləri mövcuddur.
İttihamlara təmkinli cavab
Ümumiyyətlə, beynəlxalq təcrübəyə görə heç bir ölkədə yüksək səviyyəli nümayəndə heyətinin küçədə və ya tədbir məkanından kənarda qarşılaşdığı hər bir müraciətə cavab verməsi zəruri hesab edilmir. Bu, həm vaxt, həm də təhlükəsizlik baxımından mümkün deyil. Dövlət rəsmiləri açıqlamalarını adətən rəsmi görüşlər, mətbuat konfransları və müəyyən olunmuş kommunikasiya kanalları vasitəsilə verirlər.
Yəni Hikmət Hacıyev və Ceyhun Bayramov nəinki Ələmdar Bünyadovun, hətta Tural Sadıqlının da suallarına cavab verməyə bilərdi.
Lakin biz nəyin şahidi olduq? Rəsmilərimiz ünvanlanan sualları görməzdən gəlməyərək qarşı tərəfi dinləməyi və cavab verməyi seçdilər.
Dinləmək demişkən, diqqətimi çəkən əsas məqamlardan biri də məhz bu oldu. Qarşı tərəf əvvəlcə müxtəlif ittihamlar və emosional iddialar səsləndirsə də, Hikmət Hacıyev müzakirəni emosional müstəvidən çıxarıb faktlar müstəvisinə keçirdi.
Nardaran etirafı…
Məsələn, H.Hacıyev Ə.Bünyadovun Azərbaycandan getmə səbəbini soruşdu. O isə cavabında “Nardaran hadisələrinə görə” ifadəsini işlətdi. Hacıyevin növbəti sualına cavabda isə Bünyadov özü də bilmədən “Nardaran hadisələri”nin arxasındakı ölkənin adını çəkdi. Halbuki Azərbaycan rəsmiləri heç bir ölkəni ittiham etməmişdi. Adi bir sual və Ələmdar Bünyadov, necə deyərlər, dərhal özünü “yandırdı”. Biz burada bir daha rəsmilərimizin diplomatik zəkasının şahidi olduq.
Hikmət Hacıyevin “Azərbaycandan nəyə görə getmisiniz?” sualı təsadüfi deyildi. Bu sual qarşı tərəfin səsləndirdiyi iddiaların fonunu anlamağa yönəlmişdi. Verilən cavab isə müzakirənin istiqamətini dəyişdi və qarşı tərəfin təqdim etməyə çalışdığı obrazın düşündüyü qədər möhkəm olmadığını göstərdi.
Bundan başqa, Hikmət Hacıyevin sualına cavab zamanı Ə.Bünyadovun müəyyən məqamları öz ifadələri ilə ortaya qoyması da diqqətdən yayınmadı. Ən vacibi isə budur ki, dövlət nümayəndəsi nə aqressiyaya əl atdı, nə də təhqirə yol verdi.
Arqumentlə danışdı və arqumentlə cavab verdi!
Sadıqlıdan sonra Bünyadov da…
Əslində, xaricdə yaşayan bəzi “blogerlər”in illərdir səsləndirdiyi bir sıra iddiaların əsassız və faktlara söykənmədiyi olduğu dövlət tərəfindən bilinirdi. Bu günə qədər rəsmi mövqe də ondan ibarət olub ki, həmin iddiaların bir çoxu konkret hüquqi faktlara deyil, şəxsi yanaşmalara və siyasi qiymətləndirmələrə əsaslanır. Lakin informasiya mübarizəsində əsas məsələ təkcə faktın olub-olmaması deyil, həmin iddiaların cəmiyyətə necə təqdim edilməsidir. “Blogerlər” emosional və sərt ifadələrdən istifadə etməklə insanların müəyyən hissəsinə təsir göstərə bilirlər.
Hikmət Hacıyev isə istər Tural Sadıqlının, istərsə də Ələmdar Bünyadovun suallarına emosional qarşıdurmaya getmədən, sakit və ardıcıl şəkildə cavab verərək məsələnin məğzinə diqqət çəkdi və onların mahiyyətini hər kəsə göstərdi.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı