ChatGPT Image Sep 9 2026 04 13 09 PM

Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələr hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə ölkənin bir neçə bölgəsində husilərə qarşı hərbi əməliyyatlara başlayıb.

Əməliyyatlar çərçivəsində hökumət qüvvələri bir sıra uğurlar qazanıb. Bununla belə, əsas hədəf 2014-cü ildən husilərin nəzarətində olan paytaxt Sənadır.

Yəməndə vəziyyətin gərginləşəcəyi, əslində, bəlli idi. “The Guardian” nəşri avqustun əvvəli Səudiyyə Ərəbistanının husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığını yazmış, ölkənin Müdafiə Nazirliyinin isə Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla, 14 dövlətin iştirakı ilə çoxmillətli dəniz müdafiə koalisiyası ideyasını dəstəklədiyini açıqlamışdı. Hazırkı əməliyyatlar zamanı hökumət qüvvələrinə Səudiyyə Ərəbistanı açıq şəkildə dəstək verir.

Yəməndə husilərin məğlub edilməsi çox vacibdir. HƏMAS-ın hərbi gücünün böyük ölçüdə sıradan çıxması, Livanda “Hizbullah”ın zəifləməsi və Suriyada Əsəd rejiminin süqutundan sonra İranın “Şiə hilalı”ndan geriyə qalan əsas güc husilər idi. Husilərin son aylarda Bab əl-Məndəb boğazını bağlamaq ehtimalı, bunun beynəlxalq ticarətə yarada biləcəyi maneələr və digər məsələlər oxların onlara tərəf çevrilməsinə səbəb oldu.

Husilər, bundan başqa, Səudiyyə Ərəbistanı üçün də ciddi təhlükə mənbəyi idi. Xüsusilə neft obyektlərinin vaxtaşırı vurulması Ər-Riyadı məsələyə əsaslı həll yolu tapmağa məcbur edirdi.

Bununla belə, hökumət qüvvələrinin son irəliləyişləri hələ husilərin hərbi baxımdan məğlub edildiyi anlamına gəlmir. Bu qruplaşma ölkənin şimalında geniş ərazilərə və ciddi hərbi imkanlara malikdir. Ona görə də, Sənanın geri alınması hökumət qüvvələri üçün olduqca mürəkkəb və çətin hərbi əməliyyat tələb edə bilər.

Regionda yeni böyük qarşıdurma

Hazırkı vəziyyət Yəməndə münaqişənin yeni mərhələyə keçməsi ehtimalını xeyli artırır. Ən sadə formada desəm, Yəməndəki proseslər qısa müddət öncə yaradılan, “Məkkə sazişi”nin iştirakçıları olan Türkiyə və Pakistanın da prosesə qoşulmasına gətirib çıxara bilər.

Təsadüfi deyil ki, Pakistanın Baş naziri Şahbaz Şərif  husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib. “Məkkə sazişi” NATO-nun 5-ci maddəsi məntiqində tərtib edilib. Yəni Səudiyyə Ərəbistanına husilərin hücumu Türkiyə və Pakistana da hücum deməkdir.

Əslində, bu məsələdə ABŞ da maraqlıdır. Məsələn, ABŞ Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın Vaşinqtonun Yəməndə husilərə qarşı hərbi kampaniyaya rəhbərlik etməsi ilə bağlı xahişini rədd edib. ABŞ rəsmiləri Vaşinqtonun Səudiyyə Ərəbistanının əməliyyatını dəstəkləyəcəyini, lakin ona rəhbərlik etməyəcəyini bildiriblər.

Məncə, ABŞ əvvəldən hazırladığı planı icra edir. Belə ki, Vaşinqton “İbrahim sazişi” ilə Yaxın Şərqdə NATO yaratmağa çalışırdı. Bu baş tutmadıqdan sonra daha fərqli yanaşmaya gedərək Yaxın Şərqdəki üç aparıcı müttəfiqini bir araya gətirib “Məkkə sazişi”ni yaratdı. İndi isə bu birlik ilk ciddi sınağı ilə üz-üzədir.

Hesab edirəm ki, Səudiyyə dəstəkli PLC qüvvələri husiləri geri çəkilməyə məcbur etdikcə, onlar da Səudiyyə Ərəbistanına daha sərt cavab zərbələri endirəcək və bu, gec-tez Pakistanla Türkiyənin prosesə müdaxilə etməsinə səbəb olacaq. Bu isə faktiki olaraq husilərin Yəməndə ya mövqelərinin ciddi şəkildə sarsılması, ya da tam məğlubiyyəti ilə nəticələnəcək.

Vaşinqtonun “Məkkə sazişi”ni Yəməndə sınaması uğurlu olarsa, gələcək perspektivdə bu təşkilatdan İrana qarşı müdaxilə üçün istifadə planlarının qurulacağı istisna deyil. Həmçinin o da istisna deyil ki, Suriya husilərdən təmizlənəcək, Yəmən və hazırda İranın zərbələrinə məruz qalan İordaniya qısa zamanda təşkilata qoşulacaq. Beləcə, “Yaxın Şərq NATO”su bir az da güclənəcək.

Əgər ortada bir müdafiə paktı varsa, bir düşmənə də ehtiyac var. O düşmən isə, heç şübhəsiz, İran olacaq.

turan rzayev 1 900x720 1
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: