WhatsApp Image 2026 06 20 at 13.35.35

“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı ilə Bülbül Vokal Məktəbinin məzunu, Bakı Musiqi Akademiyasının II kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Atilla Məmmədli Kamera və Orqan Musiqisi Zalında solo konsert proqramı ilə çıxış edib.

Globalinfo.az xəbər verir ki, konsert Azərbaycan professional vokal məktəbinin banisi, dahi sənətkar Bülbülün əziz xatirəsinə ithaf olunub. Proqramda dünyaAzərbaycan klassik vokal əsərlərinin seçilmiş nümunələri səsləndirilib və dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Gənc tenorun ifasını konsertmeysterlər, Beynəlxalq müsabiqələr laureatları Fidan Yunus və Ağarəhim Salah müşayiət ediblər.

Bülbül Vokal Məktəbinin təsisçisi və direktoru, “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin sədri, Əməkdar artist Ramil Qasımov çıxışında Atilla Məmmədlinin peşəkar inkişafını yüksək qiymətləndirərək qeyd edib ki, gənc ifaçı gələcəkdə Azərbaycan vokal sənətini layiqincə təmsil edən sənətçilərdən olacaq. O, həmçinin Bülbül Vokal Məktəbinin bu istiqamətdə ardıcıl uğurlarının davam etdiyini, klassik vokal sənətinin inkişafı və yaşadılması üçün daim dəstək göstərildiyini bildirib, gənc ifaçıya yaradıcılıq yolunda uğurlar arzulayıb.

Tədbirin sonunda çıxış edən xalq artisti, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu Bülbül Vokal Məktəbinin klassik vokal sənətinin inkişafı və gənc istedadların yetişdirilməsi istiqamətindəki rolunu yüksək qiymətləndirib.

Konsert proqramı sonda gurultulu alqışlarla yekunlaşıb və Bülbül Vokal Məktəbinin növbəti uğuru kimi yadda qalıb.

WhatsApp Image 2026 06 20 at 13.35.35 1

Paylaş: