kesis

Ermənistanda İnzibati Məhkəmə Erməni Apostol Kilsəsinin polisə qarşı qaldırdığı iddianı təmin edib.

Globalinfo.az xəbər verir ki, bu barədə vəkil Ara Zohrabyan məlumat verib.

Onun sözlərinə görə, məhkəmə araşdırması Araqatsotn vilayətinin Talin şəhərində yerləşən Müqəddəs Məryəm kilsəsində baş verən hadisə ilə bağlı olub.

Kilsə rəhbərliyi əvvəlcədən polisə müraciət edərək, keşişlik statusundan məhrum edilən Aramais Tahmazyanın məbədə daxil olmasının, eləcə də dini ayinlər icra etməsinin qarşısının alınmasını tələb edib.

Məhkəmə qərarında qeyd olunub ki, Ermənistan Daxili İşlər Nazirliyinin polis əməkdaşları daxil olan müraciətlər əsasında kilsəyə gəlməli və qanunvericiliklə nəzərdə tutulan tədbirləri həyata keçirməli idilər. Polis hadisə yerinə baxış keçirmədən və qanuni prosedurları yerinə yetirmədən hər hansı qanun pozuntusunun olub-olmaması barədə nəticəyə gələ bilməzdi.

Qərarda həmçinin vurğulanıb ki, kilsənin müraciətlərinə baxılmaması və müvafiq tədbirlərin görülməməsi polis tərəfindən yol verilən qanunsuz hərəkətsizlik kimi qiymətləndirilib.

Xatırladaq ki, Aramais Tahmazyan 2025-ci il dekabrın 3-də kilsənin nüfuzuna xələl verdiyi əsas gətirilərək keşişlik statusundan məhrum edilib. O, bu qərardan məhkəməyə şikayət verib və bütün ermənilərin katolikosunun qərarının ləğvini tələb edir.

Öz növbəsində, Erməni Apostol Kilsəsi Tahmazyanın Talindəki kilsənin, eləcə də ona ayrılan xidməti mənzilin açarlarını geri qaytarması tələbi ilə məhkəməyə müraciət edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: