Ferhad Mehdiyev qeza 1

Professor, tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızının motosiklet qəzasında həyatını itirməsi ətrafında müzakirələr davam edir. Diqqətçəkən məqam son illər gənclər arasında bu nəqliyyat vasitəsinə maraın artmasıdır.

Gənclər arasında motosiklet və mopedlərə marağın artmasının səbəbi nədir? Bu nəqliyyat vasitələri niyə tez-tez qəzaya uğrayır?

Globalinfo.az-a danışan yol hərəkəti təhlükəsizliyi mütəxəssisi Arzu Kürsüm Babazadə deyib ki, insanyönümlü ölkə olmaq istəyiriksə, motosiklet, moped, velosiped və skuter kimi ikitəkərli nəqliyyat vasitələrinin inkişafını dəstəkləməliyik:

“Həmin nəqliyyat vasitələrini idarə edən şəxslərin düzgün hazırlanması və maarifləndirilməsi də vacibdir. Bu istiqamətdə ciddi təlimlər keçirilməli, sürücülər qanunvericilik və yol hərəkəti qaydaları ilə yaxından tanış edilməlidirlər. Bu sahədə Baş Dövlət Yol Polisi İdarəsi və Daxili İşlər Nazirliyi son dövrlərdə mühüm addımlar atıb”.

Mütəxəssisin sözlərinə görə, əsas problem keyfiyyətli sürücülük hazırlığının olmamasıdır:

“Təəssüf ki, ikitəkərli nəqliyyat vasitələrini idarə edənlərin bir qismi özlərinin yolun ən müdafiəsiz iştirakçısı olduğunu unudur. Avtomobil sürücüsünü müəyyən qədər nəqliyyat vasitəsi qoruyursa, motosiklet və moped sürücüsünün yeganə müdafiəsi öz canıdır. Buna görə də ən kiçik toqquşma belə onlar üçün ağır xəsarət və ya ölümlə nəticələnə bilər”.

A.K.Babazadə bildirib ki, avtomobil sürücüləri də ikitəkərli nəqliyyat vasitələrinə qarşı daha anlayışlı olmalıdırlar:

Yol hərəkəti qarşılıqlı hörmət və məsuliyyət tələb edir. Mövcud qaydalar təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımlar olsa da, əlavə tədbirlərə ehtiyac qalır. İndi əsas məsuliyyət sürücülük təhsilinin keyfiyyətinin artırılmasıdır. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və Azərbaycan Avtomobil Federasiyası birgə fəaliyyət göstərməlidirlər. Məqsəd yollara sadəcə sürücü deyil, məsuliyyətli və peşəkar sürücülər çıxarmaq olmalıdır. Hazırda ən ciddi problemlərdən biri təlim meydançalarının olmamasıdır. İnsanlar avtomobil və ya motosiklet idarə etməyi çox vaxt uyğun olmayan şəraitdə öyrənirlər. Peşəkar təlimçilərin sayı da kifayət qədər deyil. Bu isə sürücülük təhsilinin keyfiyyətinə birbaşa təsir göstərir. Bundan əlavə, sürücülük məktəblərinə və təlimçilərin fəaliyyətinə nəzarət zəifdir”.

d0a0467c 8d8c 4885 acdf 895b34a15772

Qəzada həyatını itirən 17 yaşlı Zəhra Mehdiyeva

Arzu Kürsüm Babazadə deyib ki, bəzi sürücülər qəza dayanma nişanını, ilk yardım çantasını və digər zəruri avadanlıqları icarəyə götürür, texniki baxışdan keçdikdən sonra isə geri qaytarırlar:

“Halbuki bu avadanlıqlar nəqliyyat vasitəsində daimi şəkildə olmalıdır. Təcrübədə bunun acı nəticələrini tez-tez görürük. Nəqliyyat vasitəsi yolda nasaz vəziyyətdə qaldıqda bir çox sürücü qəza dayanma nişanını quraşdırmır. Bu isə həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını ciddi təhlükə altına qoyur. Yaşayış məntəqəsində tıxac varsa, qəza dayanma nişanı avtomobildən ən azı 15 metr, tıxac yoxdursa isə ən azı 30 metr məsafədə yerləşdirilməlidir. Bununla yanaşı, qəza işıqları mütləq yandırılmalıdır. Gecə vaxtı və ya görünüşün məhdud olduğu şəraitdə portativ işıq mənbəyindən istifadə edilməli, avtomobilin yanında olan sürücü və ya ona kömək edən şəxslər isə mütləq işıq qaytaran jilet geyinməlidirlər”.

Müsahibimiz qeyd edib ki, yolda digər qayda pozuntuları kameralar vasitəsilə aşkarlanaraq cərimələndiyi kimi, sükan arxasında mobil telefondan istifadə edən sürücülərin də məsuliyyətə cəlb olunmalıdır:

“Əlbəttə, nasaz avtomobilin sürücüsü qəza dayanma nişanını quraşdırmalı idi və bunu etməməsi ciddi qayda pozuntusudur. Lakin digər tərəfdən sual yaranır: motosiklet sürücüsü qarşısındakı avtomobili niyə vaxtında görməyib? Bəziləri deyə bilər ki, qarşısındakı avtomobili görməyən sürücü qəza dayanma nişanını necə görəcək? Məsələ ondadır ki, qəza dayanma nişanı sürücünü əvvəlcədən təhlükə barədə xəbərdar edir. İlk maneə məhz həmin nişan olur. Bu da sürücüyə vaxtında reaksiya verməyə, sürəti azaltmağa və əsas maneəyə çatana qədər əyləci basmağa imkan yaradır. Bəzən məhz bu bir neçə saniyə insan həyatını xilas edə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: