abs iran

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı üzərində “tam nəzarət” iddiası daha çox siyasi ritorika və daxili auditoriyaya hesablanmış mesaj kimi qiymətləndirilməlidir. Çünki faktiki vəziyyət bölgədə tam hərbi üstünlüyün deyil, qarşılıqlı məhdudlaşdırmanın mövcud olduğunu göstərir. Həmçinin İranın iki gəmini ələ keçirməsi və boğazda minaların mövcudluğu ABŞ-ın bölgədə nəzarət imkanlarının məhdud olduğu və şərti xarakter daşıdığı mənasına gəlir. Xüsusilə minaların təmizlənməsinin aylarla çəkə biləcəyi ehtimalı onu deməyə əsas verir ki, bu münaqişə qısa müddətli deyil və onun təsirləri uzunmüddətli olacaq”.

Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, burada söhbət hərbi balans və asimmetrik üstünlükdən gedir:

ABŞ texnoloji və hərbi baxımdan üstün olsa da, İran kiçik qayıqlar, dəniz minaları, lokal dəniz nəzarəti kimi vasitələrlə asimmetrik üstünlük yaradır. Hörmüz boğazı kimi dar və həssas ərazilərdə klassik hərbi güc həmişə həlledici olmur. Enerji təhlükəsizliyi və qlobal təsirlər kimi amillər də nəzarətdə saxlanılmalıdır. Hər halda, heç nə və heç kimdən deyil, məhz Beynəlxalq Enerji Agentliyindən ən ali səviyyə “ən böyük enerji təhlükəsizliyi təhdidi” açıqlaması təsadüfi deyil.

Boğazın faktiki bağlanması dünya neftinin təxminən 20%-nin daşınmasını risk altına qoyur, qiymətlərin yüksək qalmasına səbəb olur, inflyasiyanı artırır. Bu isə münaqişəni regional çərçivədən çıxarıb qlobal iqtisadi böhran riskinə çevirir. Digər yandan ABŞ-ın daxili siyasət faktoru da var. Trampın sərt bəyanatları yalnız xarici siyasət yox, həm də seçki öncəsi imic formalaşdırmaq, güclü lider obrazını qorumaq məqsədi altında gizlənir. Enerji qiymətlərinin artması Trampın özü üçün də ikili risk yaradır. Xaricdə sərt mövqe siyasi üstünlük olsa da, daxildə bahalaşma seçici narazılığına gətirib çıxardır. İran daxilindəki güc balansını da unutmaq olmaz”.

sebnem hesenova 99 900x585 1
Şəbnəm Həsənova

Politoloqun sözlərinə görə, SEPAH-ın təsirinin artması İran siyasətində daha sərt xəttin güclənməsinə səbəb olur:

“Burada kollektiv qərarvermənin ön plana çıxdığını görürük. Nəticə etibarilə sülh danışıqları çətinləşir. Belə ki, vahid qərar mərkəzi zəifləyirsə, kompromis ehtimalı da azalır. Perspektivdə isə uzanan münaqişə görünür. Hazırkı dinamika göstərir ki, tərəflər geri çəkilmək istəmir, hər biri “təzyiq vasitələrini” saxlayır, paralel irəliləyən informasiya müharibəsi də öz yerində. Bütün bunlar isə münaqişənin tezliklə bitməyəcəyini, iqtisadi təsirlərinin uzun sürəcəyini, regional sabitliyi zəiflədəcəyini göstərir. Nəticə etibarilə, mövcud vəziyyət klassik müharibədən çox, strateji boğaz üzərində nəzarət uğrunda hibrid qarşıdurmadır. Bir tərəfdən ABŞ qlobal güc kimi üstünlüyünü qorusa da, digər yandan İran lokal və asimmetrik alətlərlə bu üstünlüyü balanslaşdırır. Əsas məqamdan yayınmaq olmaz. Çünki ən böyük risk hərbi deyil, enerji bazarlarının sabitliyinin pozulması və bunun qlobal iqtisadiyyata təsiridir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: