ABŞ və İran arasındakı müharibə dünyanın “Patriot” raketi ehtiyatlarını tükəndirdiyindən Ukrayna hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı ilə üzləşə bilər.
Məlumdur ki, Ukrayna “Patriot” sistemlərini əsasən Rusiyanın ballistik və kruiz raketlərini, xüsusən də “Xəncər” və “Sirkon” raketlərini vurmaq üçün saxlayır. Təhlillərə görə, İran müharibənin başlanğıcından bəri 2100-dən çox hücum dronu və ən azı 688 ballistik raket buraxıb. Nəticədə, ABŞ və müttəfiqləri 1000-dən çox PAC-3 raketi tətbiq ediblər ki, bu da qlobal təchizat çatışmazlığına səbəb olur və onların tez bir zamanda əvəzlənməsi ilə bağlı narahatlıqları artırır.
Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, müasir dövrdə müharibələrdə texnoloji cəhətdən üstün olan tərəf qalib gəlir:
“Hazırda dünya miqyasında hərbi texnologiya baxımından bir nömrəli dövlət, mübahisəsiz, ABŞ-dır. Lakin onun da texnoloji resursları sonsuz deyil, bir neçə cəbhədə aktiv istifadə olunduğuna görə gedərək azalır. Əvəzlənmə, yeni istehsal prosesi isə vaxt alır. Odur ki, genişmiqyaslı və uzunmüddətli müharibə mövcud resursların düzgün hesablanmasını və əvəzlənmə imkanlarının dəqiq ölçülməsini tələb edir.
İranın ötən 12 günlük müharibəyə nisbətən indi daha sərt cavab tədbirlərini müşahidə edirik. Bu ölkənin yüzlərlə ballistik raket və minlərlə dron buraxması fonunda ABŞ və müttəfiqlərin hava hücumundan müdafiə qabiliyyətinin artırılmasına ehtiyac olduğu görünür. İran xüsusilə enerji təsislərini, strateji və hərbi obyektləri hədəf alır, Hörmüzdən keçidi tamamilə bloklayır ki, bu, dünya miqyaslı effekt doğuramaqdadır. Təsadüfi deyil ki, hazırda aktiv mübarizə cəbhəsi olmayan Uzaq Şərqdən, daha doğrusu Cənubi Koreyadan ABŞ-a məxsus THAAD hava hücumundan müdafiə sistemləri və “Patriot” sisteminin parçaları çıxarılaraq Yaxın Şərqə gətirilməkdədir.

Şəhla Cəlilova
Lakin bu, özlüyündə Şimali Koreya və Çinin regionda aktivləşməsinə, Cənubi Koreya və Yaponiyanın öz ehtiyatları hesabına militarizasiyasına, regionda gərginliyin yaranmasına gətirib çıxara bilər. Həmçinin hərbi resursların Yaxın Şərqə uzunmüddətli cəlb olunmasına görə Ukraynanın müdafiə qabiliyyətinin zəifləməsi mümkündür. Bütün bunlar dünya miqyasında bloklararası qarşıdurmanın aktivləşməsi demək olub, xaosun artması ilə nəticələnə bilər. Odur ki, İranda müharibənin tez bir zamanda başa çatması müxtəlif tərəflərin marağındadır. Lakin ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyindən qeyd-şərtsiz kapitulyasiya tələb edir.
Tərəflər arasında danışıqlar dəhlizi tamamilə tıxanıb. Artıq sadəcə texnoloji üstünlük müharibənin sürətini artıraraq nəticəsini müəyyən edə bilər”.
Turan Rzayev
Globalinfo.az