tramp7 1

ABŞ-ın İrana qarşı kürd separatçılarından istifadə etmək planı baş tutmadı. Separatçılar gündə bir xəyala düşən Prezident Donald Trampa güvənməyib onun təklifini geri çeviriblər. Ağ Ev rəhbəri də ürəyində “canınız cəhənnəmə” deyib onlardan istifadə etmək fikrindən vaz keçib və təyyarəsinə minib Florida ştatına yollanıb”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri politoloq Heydər Oğuz deyib.

Onun sözlərinə görə, təyyarədə Trampı yaxalayan jurnalistlərin suallarını “Müharibəni indikindən daha mürəkkəb etmək istəmirik, mən kürdlərin ora getməsini istəmirəm” deyib:

“Bəs, sizcə, İrana hücumlar bitdikdən sonra bu ölkənin xəritəsi eyni qalacaqmı?” sualına da Trampın cavabı maraqlı olub: “Dəqiq deyə bilmərəm, amma yəqin ki, yox”.

Donald Tramp ertəsi gün “The Times of Israel” qəzetinə telefonla verdiyi açıqlamada çarəsizliyini növbəti dəfə gizlətməyib. O bildirib ki, İranla müharibənin nə vaxt bitməsi İsrailin Baş naziri Benyamin Netanyahu ilə alacaqları “qarşılıqlı” qərardan asılı olacaq. Yəni buna mən yox, ağam Netanyahu qərar verəcək, mən isə canü-dildən icra edəcəyəm.

Bir sözlə, Tramp əfəndi dərin bir qeyri-müəyyənlik içərisindədir. Görünən budur ki, o, hətta müharibəni belə bitirə bilər. Amma ağası Netanyahu hələlik buna razı deyil.

Bilirsinizmi, TrampNetanyahu cütlüyü niyə bu cür qeyri-müəyyən duruma düşdülər? Çünki köhnə hamama təzə tas qoymaq istədilər. Hamamın əsl sahibləri isə buna razı olmadı. Yəni Urmunu Kürdüstan etməyə çalışdılar. Urmulular isə buna yox dedilər. ABŞ və İsrailin proksiləri kimi fəaliyyət göstərməyə çalışan kürd separatçıları da bir tərəfdən İranın, digər tərəfdən Türkiyə və Azərbaycanın arasında sıxışıb qalmağın onlar üçün heç nə vəd etmədiyini anlayıb Trampı yalnız qoydular. Tramp isə öz növbəsində on minlərlə ABŞ əsgərini bu cəhənnəm üçbucağına göndərib həlak etmək istəmir.

İndi Trampın da, İranın da taleyi Netanyahunun əlindədir. Netanyahu Trampa “İranı vurmağı dayandır” desə, dayandıracaq, “dayandırma” desə, dayandırmayacaq. Görünən budur ki, Netanyahu da “tutduğunu buraxmayan kor” kimi hərəkət etmək niyyətindədir”.

Paylaş: