bakiii 900x509 1

Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasında səsləndirilən fikirlər Azərbaycanın qlobal enerji siyasətində oynadığı rolu yenidən gündəmə gətirib. Prezident İlham Əliyevin çıxışında həm qaz ixracının genişlənməsi, həm də yaşıl enerji istiqamətində planlar diqqət çəkib. Bəs Azərbaycanın formalaşdırdığı enerji strategiyası qlobal enerji sistemində ölkənin mövqeyini necə dəyişir və bu model gələcəkdə hansı nəticələr vəd edir?

Bu barədə Globalinfo.az-a danışan deputat Rövşən Muradov bildirib ki, qlobal enerji sisteminin dərin transformasiya mərhələsinə daxil olduğu bir dövrdə Azərbaycan modeli xüsusi analitik diqqət tələb edir:

“Bakıda keçirilən Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasında İlham Əliyev tərəfindən səsləndirilən fikirlər təkcə cari statistikanın təqdimatı deyil, yeni enerji geoiqtisadiyyatının fəlsəfi və strateji çərçivəsinin ifadəsidir. Müasir dövrdə enerji yalnız iqtisadi göstərici deyil. O, həmçinin dövlətlərin strateji çəkisini müəyyən edən, siyasi manevr imkanlarını genişləndirən, beynəlxalq sistemdə mövqe qazandıran və dövlətlərin suverenlik arxitekturasını müəyyən edən əsas dayaqlardan birinə çevrilib. Dövlət başçısının “Məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq” sözləri əslində XXI əsr enerji diplomatiyasının əsas prinsipini formullaşdırır: təhlükəsizlik rəqabət üzərində deyil, koordinasiya və qarşılıqlı fayda üzərində qurulur. Bu kontekstdə Azərbaycanın formalaşdırdığı enerji xətti klassik ixracatçı modelindən fərqli olaraq, çoxşaxəli və dərin hesablanmış bir geoiqtisadi strategiya təsiri bağışlayır. Burada söhbət təkcə qaz həcmlərindən getmir; söhbət təsir radiusundan, etibarlılıq kapitalından və uzunmüddətli strateji planlamadan gedir”.

rovsen muradov deputat

Rövşən Muradov

Deputat deyib ki, Azərbaycanın 16 ölkəyə qaz ixrac etməsi, Avropa İttifaqının 10 üzv dövlətinin etibarlı təchizatçısına çevrilməsi və ixrac coğrafiyasının Avropa hüdudlarından kənara çıxması ölkənin enerji siyasətinin miqyasını göstərir:

“Bu, onu göstərir ki, Azərbaycan artıq regional deyil, həm də  Avrasiya miqyasında enerji arxitekturasını formalaşdıran ölkələrdən biridir. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və “Ümid” yataqlarında planlaşdırılan yeni mərhələlər 10–15 milyard kubmetr əlavə potensial deməkdir. Lakin bu rəqəmlər yalnız iqtisadi gəlir deyil, bu, danışıqlar masasında strateji çəkidir. Hasilatın infrastruktur genişlənməsi ilə paralel planlaşdırılması isə göstərir ki, enerji siyasəti emosional reaksiya yox, qabaqlayıcı strateji hesablamadır. Prezidentin vurğuladığı kimi, hasilat artımı infrastruktur genişlənməsi ilə sinxronlaşdırılmalıdır. Enerji dəhlizlərinin tam yüklənməsi fonunda yeni interkonnektorların və ötürücü xətlərin gündəmə gətirilməsi gələcək risklərin indidən hesablandığını sübut edir”.

Rövşən Muradovun sözlərinə görə, Azərbaycan enerji siyasətini yalnız qaz ixracı üzərində qurmaq niyyətində deyil:

“2032-ci ilə qədər 6-8 qiqavat bərpaolunan enerji gücü hədəfi struktur transformasiyanın konturlarını müəyyən edir. ACWA Power və Masdar kimi qlobal investorlarla əməkdaşlıq, hidroenerji layihələrinin genişləndirilməsi və Qara dənizin dibi ilə Avropaya planlaşdırılan enerji kabeli təşəbbüsü Azərbaycanın klassik xammal ixracatçısından regional enerji habına çevrilməsini sürətləndirir. Qaz daxili istehlakı əvəz edərək sənayeləşməni və rəqəmsal iqtisadiyyatı gücləndirir, yaşıl enerji isə ixrac portfelini şaxələndirir və yeni texnoloji mərhələyə keçidi sürətləndirir. Prezidentin faydalı qazıntı yanacaqlarının  tam inkarını “xəyallarla yaşamaq” kimi dəyərləndirməsi isə enerji keçidinə ideoloji deyil, praqmatik baxışı göstərən dövlət düşüncəsidir . Enerji keçidi ideoloji şüarlarla deyil, iqtisadi sabitliyi qoruyan mərhələli transformasiya ilə mümkündür. Azərbaycan modeli məhz bu balansı təmin edir: bugünkü sənaye gücünü qoruyaraq sabahın yaşıl iqtisadiyyatına sərmayə qoyur. Nəticədə ortaya çıxan mənzərə aydındır: Azərbaycan enerji xəritəsində iştirakçı deyil, istiqamətvericidir. Güc artıq yalnız ehtiyatın həcmi ilə deyil, onu necə idarə etməklə ölçülür. Azərbaycanın enerji strategiyası milli iradənin, strateji uzaqgörənliyin və institusional yetkinliyin sintezidir. Bu, təkcə iqtisadi uğur deyil, bu, dövlətçilik fəlsəfəsinin praktik təcəssümüdür və ölkəni regional çərçivədən çıxararaq qlobal enerji sistemində söz sahibi edən konseptual modeldir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: