Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri, iki ölkənin rəsmilərinin çıxışları Ermənistan mediasında, sosial şəbəkə seqmentində ciddi müzakirələrə səbəb olub. Ermənilər Azərbaycan rəsmilərinin Rusiya ilə münasibətlər mövzusunda açıqlamalarını fərqli məcrada şərh etməyə çalışıblar.
Globalinfo.az xəbər verir ki, amerikalı siyasi analitik Mayk Doran isə Azərbaycanın Rusiya ilə bağlı siyasətinin düzgün olduğunu bildirib.
“Azərbaycanın Rusiya ilə mehriban münasibət saxlaması təbiidir. Amma Bakı Rusiyanın 3 hərbi bazasına ev sahibliyi edən Ermənistanda fərqli olaraq uzun müddət öncə KTMT-dən çıxıb və Avrasiya İqtisadi Birliyinə üzv deyil. Həmçinin İsrailin və Türkiyənin müttəfiqi olaraq NATO-ya mümkün dərəcədə yaxınlaşır”, – o yazıb.
M.Doran Ermənistan və İran xarici işlər nazirlərinin yaxın zamanda baş tutan görüşləri və açıqlamalarına da diqqət çəkərək, İrəvanın ABŞ üçün mövqeyini dəyərləndirib:
“ABŞ-ın məqsədi Rusiya və İranı zəiflətmək, nəzarətdə saxlamaqdır. Ermənistan bu məqsədlər üçün yetərli deyil, çünki o, Rusiyanın peyki, İranın müttəfiqidir”.
Ayşən Mustafa
Globalinfo.az