faruqi 3 scaled

*** 23.01.2026/12:00

Globalinfo.az Məryəm Faruqi Qacarla müsahibəni təqdim edir:

– Əvvəlcə özünüz haqqında məlumat verərdiniz.

– Adım Məryəm Faruqi Qacardır. Parisdə doğulmuşam. Anam fransız, atam təbrizlidir. Uşaqlığım əsasən Fransada keçib, ali təhsili isə İngiltərədə almışam və iqtisadiyyat ixtisası üzrə məzun olmuşam. Bir müddət Londonda JP Morgan şirkətində maliyyə sahəsində çalışdım, daha sonra öz texnologiya şirkətimi yaratdım. Hazırda həyat yoldaşımla Londonda yaşayıram.

– Siz Qacar sülaləsinin son hökmdarı Sultan Əhməd Şah Qacarın nəticəsisiniz. Bugünədək hardasa Qacar olmağınızdan söz açmısınızmı? Qacar ailəsinin tanınan siması kimi Babək Qacar haqda eşitmişik. Siz onun ailənizə mənsub olmadığını deyirsiniz. İrəvan xanlığının varisi kimi tanınan Əmir Əli Sərdar haqqında nə deyə bilərsiniz? Onlarla şəxsi tanışlığınız varmı?

– Əhməd Şahın dörd övladı olub: üç qız və bir oğlan – ardıcıllıqla Məryəmdöxt, İrandöxt, Homayundöxt və Fereydun Mirzə. Bu dörd şəxsin ümumilikdə 13 nəvəsi olub, onların arasında mənim atam da var – o, Əhməd Şahın ikinci qızı İrandöxtün oğludur. Hazırda biz 11 nəticəyik və siyasətlə ciddi maraqlanan yeganə şəxs mənəm. İrandöxtün mənim nənəm olduğunu sənədlərlə sübut edə bilərəm.

Mənim əsas arqumentim budur: Qacarların yeddi şahı olub və bu sülalənin legitim varisləri məntiq etibarilə son hökmran şah – Əhməd Şah Qacardan törəmələrdir. Babək Qacar adlanan şəxs (bu onun əsl adı deyil) təxminən 9 il əvvəl Qacar ​​ailəsinin bütün üzvlərinin qeydiyyatını aparan ailə assosiasiyamızla əlaqə saxlayaraq Qacarların ikinci şahı Fətəli Şahın nəslindən olması ilə bağlı qəribə iddia irəli sürdü. Biz bu cür iddialara ehtiyatla yanaşırıq, çünki Fətəli Şahın 170 övladı olub və bu gün onun 15 minə yaxın törəməsi var. Onun nəslindən yalnız bəzi qollar bu sülalənin davam etməsində mühüm rol oynayıb və bunlar bizə məlumdur. Buna görə də nəzakətlə ondan şəcərə ağacını təqdim etməsini və ən əsası, bunu sənədlərlə sübut etməsini xahiş etdik. O, iddiasını dəstəkləyən heç bir dəlil təqdim edə bilmədi. Biz məsələnin bağlandığını düşündük. Lakin bir neçə ay sonra onu Qacar dövrünə aid geyim və smokinqdə poza verib özünü şahzadə kimi təqdim etdiyi fotoşəkillərdə gördük.

WhatsApp Image 2026 01 24 at 19.24.38
Sultan Əhməd Şah Qacar

Əmir Əli Sərdar İrəvanini şəxsən tanıyıram. O, Qacar nəslindəndir, lakin sadə bir səbəbdən Qacar varisi sayıla bilməz. Onun əcdadı Qacarların üçüncü şahının bacısıdır və bildiyiniz kimi Qacar varisliyi yalnız kişi xətti ilə ötürülürdü. Buna görə də onun xətti şahlıq qolundan üçüncü şahda ayrılır, birbaşa şah xətti isə ardıcıllıqla daha dörd şah vasitəsilə 1925-ci ilə qədər davam edib. Bununla belə, onun əcdadları Qacar hökumətində qubernator kimi siyasi vəzifələr tutublar.

İran coğrafiyasında türklər təxminən min il hakimiyyətdə olublar. Sonuncu türk sülaləsi olan Qacarlar türkmən tayfası idi və Səfəvi dövlətinin qurulmasında iştirak etmişdilər. Rza Pəhləvi dövründən etibarən türk kimliyinə qarşı irqçi siyasət yürüdüldü. Rza xanın sonradan “Pəhləvi” soyadını almaqda məqsədi Qacar türk sülaləsindən fərqli olaraq, İran millətçiliyinə əsaslanan legitimlik yaratmaq olub. Qacarların varisi olaraq, İran türklərinin taleyi sizi narahat edirmi? Cənubi azərbaycanlıların milli-mədəni hüquqlarının qorunması sahəsində fəaliyyətiniz olubmu?

– Avropada, bu məsələdən çox uzaq bir mühitdə böyüsəm də, atamın 1998-ci ildə vəfatından sonra ailəmin mirasını itirməmək üçün ona daha yaxın olmağa qərar verdim. Atam artıq mən kiçik qız ikən Qacarların türkmən qəbiləsi olduqları, oğlan və qızların gəzməyi öyrənməzdən əvvəl atı sürətlə çapmaqları və ya Qacar şahlarının atlarının altından, qarınlarının üstündə dayanaraq döyüşdükləri barədə hekayələr danışaraq öz köklərimi tanımağıma yol açmışdı. Onun ölümündən sonra, hələ gənc qız ikən, yeni hekayələr üçün Qacar ailəsinə müraciət etdim, amma hekayələr nə qədər maraqlı olsa da, onlar bizim türk kimliyimizlə deyil, yalnız idarəetmə ilə bağlı idi və bugünkü türklərdən bir kəlmə belə bəhs olunmurdu. Həqiqətən də, bu gün yaşayan Qacarların əksəriyyəti Tehranda böyümüş və fars mədəniyyətinə assimilyasiya etmişlər.

Lakin şəxsən mən Pəhləvinin Qacar tarixini təmamilə yenidən yazdığını və onu lağa qoyduğunun fərqində idim və bu ailəyə mənsub olduğum üçün bəzi iranlılar tərəfindən çox təhqir görmüşəm. Atamın ölümündən sonra ailəmin Türkmənistandan Azərbaycana necə və niyə köçdüyünü izah etdiyi və ona “türklər bizim xalqımızdır və İran fars milləti olaraq Pəhləvinin quraşdırmasıdır” deyə xatırlatdığım söhbətimiz yadıma düşdü. Bu cümlə zamanla “mənim xalqım” olan İran türklərinin müdafiəsinə çevrilən maraq doğurdu. Bu yaxınlarda İran türklərinin hüquqlarını fəal şəkildə müdafiə etməyə başlamışam və bu məqsədlə təşəbbüs irəli sürürəm.

– Səməd Vurğunun “Vaqif” əsərində Ağa Məhəmməd Şah Qacar zalım hökmdar kimi təqdim olunur. Buna münasibətiniz necədi?

eli qacar
Fotoda sağdakı şəxs Sultan Əhməd Şahın qardaşı oğlu, xanədanın sonuncu başqanı Sultan Əli Qacardır, 2012-ci ildə vəfat edib.

-Pəhləvilər İranda Qacar sülaləsinin tarixini yenidən yazaraq eyni siyasəti aparıblar. Qacarlar İranda türk hakimiyyətinin sonuncu simvolu idi və yeni kimlik yaratmaq üçün onun mirasının təhqir edilərək silinməsi zəruri görüldü.

Yeni bir sülalə və ya yeni bir rejim hakimiyyətə gəldikdə, onu siyasi cəhətdən əsaslandırmaq üçün köhnə kimliklərlə əlaqələri kəsməyə çalışır. Buna görə də həqiqət tarix kitablarında deyil, ailə böyükləri tərəfindən daha çox danışılır. İranda Ağa Məhəmməd Şah adı ilə tanınan şəxsiyyətə gəldikdə isə, o, 1700-cü illərdə İranda ərazi uğrunda davamlı müharibələr aparan yüzlərlə tayfanı özünə tabe edərək xanədanlıq qurdu və ölkəni təxminən 150 il idarə etdi. Buna başqa cür necə nail olmaq olardı?

– Bu gün İranda kütləvi etirazlar baş verir. İqtisadi səbəblərlə başlayan aksiyalar sonradan siyasi müstəviyə daşındı. Mitinqlərdə indiyə kimi 3000-dən çox insanın öldüyü deyilir. İran əhalisi bu dəfə rejimə qarşı sonadək müqavimət göstərməkdə qərarlı kimi görünür.  Rejim haqqında nə düşünürsünüz? İranda hazırki vəziyyətin yaranmasına səbəb nə oldu?

– İslam Respublikasının milli resursları uzun müddət yanlış idarə etməsi, süni şəkildə orta sinfin yaradılması, nəticədə isə sosial və iqtisadi bərabərsizliyin genişlənməsi son etirazların arxasında duran əsas səbəblərdir. Bundan əlavə, ictimai narazılıq və xalq iğtişaşları bəzən siyasi aktorlar tərəfindən sui-istifadə edilib. İnsanların küçələrə çıxması üçün çağırışlar edildi, lakin etirazçıları qorumaq üçün heç bir aydın strategiya qurulmadı. Bu aksiyalardan sui-istifadə edilməsəydi, xeyli az sayda insan itkisi ilə daha konstruktiv nəticələr əldə oluna bilərdi.

– Sizcə rejim dağılacaqmı? ABŞ və İsrailin müdaxiləsi ilə müharibə başlasa, bu, Güney azərbaycanlılara necə təsir edəcək?  

– Bir atalar sözündə deyildiyi kimi, “Bu, bəli və ya yox məsələsi deyil, vaxt məsələsidir”. Bir neçə ssenari mümkündür.

Birincisi, rejimin tamamilə dəyişməsi, məsələn, mütləq monarxiyaya qayıtmaqdır ki, belə bir ehtimal daha az görünür.

İkincisi, mübahisəsiz olaraq ən mümkün variantlardan biri – SSRİ-nin dağılmasından sonra Rusiyada baş verənlərə bənzər şəkildə, eyni aktorların bəzilərinin vəzifədə qaldığı rejim dəyişikliyidir. Bu ssenaridə İran xarici investorları sakitləşdirmək, özünü yaşamaq və investisiya qoyulması məqsədilə ölkəni təhlükəsiz bir yer kimi təqdim etmək üçün geniş imkanlar açacaq.

Üçüncüsü, yenə mümkün ssenaridir. Burada azlıqların öz müqəddəratını təyin etmək hüququna malik olacağı federal bir dövlət nəzərdə tutulur. Bu, Güney azərbaycanlıların əksəriyyəti üçün ən yaxşı ssenaridir.

İlk iki ssenaridə Güney azərbaycanlılar mədəni cəhətdən repressiya olunmuş və sosial baxımdan kənarlaşdırılmış vəziyyətdə qalacaqlar. Yalnız üçüncü ssenari Güney azərbaycanlıların əksəriyyətinin iradəsinə uyğundur.

– Rza Pəhləvi və onun çevrəsi Xamenei sonrası üçün hazırlıq görürlər. Onların hakimiyyət istəyi reallaşa bilərmi? ABŞİsrail Pəhləvini sonadək dəstəkləyəcəkmi?

– Onlar hazırlaşa bilərlər, amma istəklərinin həyata keçəcəyinə heç bir zəmanət yoxdur. Hazırda ABŞ və İsrailin İranla bağlı strateji maraqları üst-üstə düşmür. Təl-Əvivin əsas marağı mütləq şəkildə firavan və demokratik bir İran deyil, İsrailin məhvinə yönəldilən silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandıran bir İrandan ibarətdir. İsrail nöqteyi-nəzərindən bu məqsədə mövcud rejimin sonra kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq məhv edilməsi ilə çatmaq ola bilər. Pəhləvi İsrail üçün cəlbedici bir seçimdir, çünki o, artıq rejimdən sonra Təl-Əvivin İrandan istəyəcəyi hər şeyi verməyə hazır olduğunu göstərib.

ABŞ nöqteyi-nəzərindən isə İrana qarşı hərbi addımlar daha mürəkkəb görünür. Birincisi, Vaşinton getdikcə qlobal münaqişələrdən uzaqlaşmağa çalışır – Amerika qitəsi istisna olmaqla, çünki həmin bölgədə tam strateji nəzarəti saxlamaq niyyətindədir. Bundan əlavə, İrana zərbələr ABŞ-ın ən mühüm regional müttəfiqlərindən sayılan Körfəz ölkələrinin maraqlarına uyğun deyil. Bununla belə, ABŞ-da yəhudi lobbisi və ifrat sağçı qruplar müharibə üçün təzyiq göstərirlər. Rza Pəhləvi son onilliklərdə onların əsas namizədi olub. Buna baxmayaraq onun qayıdışı qeyri-mümkün görünür.

WhatsApp Image 2026 01 23 at 13.25.58

İran türklərinin səsini beynəlxalq səviyyədə çatdırmaq niyyətiniz varmı?

-İranda yaşayan türklərə qarşı on illərdir ki, yanlış siyasət yeridilib. Qacar ​​sülaləsinin devrilməsindən sonra İranın hakim sistemi fars dili və mədəniyyətini təlqin etməklə türkləri fars mərkəzli millətçi kimliyə assimilyasiya etməyə çalışan bir yanaşma sərgilədi. Nəticədə, bir çox türk siyasi və mədəni özünüdərki itirdi. Lakin son illərdə bu tendensiya tərsinə doğru dəyişməyə başladı. Güney Azərbaycan bölgəsində türk kimliyi güclənir. Siyasi və mədəni fəallar bu dirçəlişdə əhəmiyyətli rol oynayıblar.

– Qacar Fondu haqda məlumat verərdiniz. Onu yaratmaqda məqsədiniz nə olub və fəaliyyət istiqamətləri hansılardır?

-Qacar ​​Fondu, Londonda yerləşən və Güney azərbaycanlıların mədəni, sosial və iqtisadi inkişafına həsr olunan yeni yaradılmış bir təşkilatdır. Onun əsas məqsədi istedadlı güneylilərin resurslara, şəbəkələrə və imkanlara çıxışını təmin etməklə onları dəstəkləməkdir. Bu, həmin şəxslərin təşəbbüslərini inkişaf etdirməsinə imkan verir və eyni zamanda mədəni irsləri ilə əlaqələrini gücləndirir.

Qacar ​​Fondunun yaradılması üçün motivasiya mədəni kimlik və iqtisadi imkanların bir-biri ilə dərin əlaqəsini qəbul etməkdən irəli gəlir.

– 30 il davam edən Qarabağ münaqişəsi ilə bağlı nə düşünürsüz? Ümumiyyətlə, Azərbaycanda olmusunuzmu?

Azərbaycan Respublikası kiçik bir ölkənin qlobal təsirə malik güclü bir dövlətə necə çevrilə biləcəyinin bir nümunəsidir. Müstəqillik qazandıqdan bu günə qədər Azərbaycanın keçdiyi inkişaf yolu təqdirəlayiqdir.

Qarabağda sülhə zəmanət yox idi, gənc insanlar ölkələrini müdafiə etmək üçün cəsarətlə vuruşdular. Lakin Azərbaycan hökumətinin Ermənistanla sülh bağlaya bilməsi rəsmi Bakının diplomatiya qabiliyyəti və dayanıqlılığının yaratdığı möcüzədir. Azərbaycana getməmişəm, lakin oranı ziyarət etməyi çox istərdim, ola bilsin ki, bu il səfər etdim.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Paylaş: