Deputat Zahid Oruc Milli Məclisin son iclasında çıxışı zamanı Naxçıvan Ali Məclisinin ləğv edilməsi məsələsini qaldırıb. O, bunun üçün konstitusion dəyişikliyə gedilməli olduğunu söyləyib. Millət vəkili həmçinin Naxçıvandakı ordu birləşmələrinin də Bakıya tabe etdirilməli olduğunun vacibliyini deyib:
“Vətən müharibəsində qələbədən sonra yeni hakimiyyət quruculuğu, Konstitusion islahatlar və Birinci Qarabağ savaşı dövrünün idarəçilik mirasının ləğvi daha da sürətlənib. 90-cı illərdə muxtar dövlətə çevrilən Naxçıvanın ovaxtkı statusu zamanın tələbi idi, lakin indi qələbədən sonra bütün ərazi vahidləri qanunverici orqan üzərindən deyil, ali icra hakimiyyəti tərəfindən birbaşa yönləndirilməlidir. Ulu öndər Heydər Əliyev Naxçıvanı xilas etdi, çətin günlərdə qurub möhkəmləndirdi, lakin zəfərdən sonra, mərkəzi dövlət orqanları ilə paralel nazirliklərin, komitələrin və nəhayət, əlahiddə ordu birləşməsinin paytaxt Bakıdan sahəvi qurumlardan idarə olunması Qars müqaviləsini gücləndirməklə yanaşı, çeviklik, şəffaflıq və hesabatlılığı təmin edəcəkdir. Naxçıvan Ali Məclisinin ləğvi isə yalnız Konstitusion dəyişikliklərlə mümkündür”.
Millət vəkili Hikmət Babaoğlu Globalinfo.az-a mövzunu şərh edərkən bildirib ki, Azərbaycan inkişaf edərək öz dövlətçilik tarixinin yeni keyfiyyət mərhələsinə qədəm qoyub:
“Hazırda ərazi bütövlüyümüzü bərpa etdikdən sonra yaranmış yeni reallıq idarəetmədə də inkişaf edən Azərbaycan üçün yeni model zərurəti yaradır. Azərbaycan Prezidentinin Şərqi Zəngəzura və Qarabağa öz səlahiyyətli nümayəndələrini təyin etməsi, bu idarəetmə üsulunun şəffaflıq və səmərəlilik baxımdan özünü doğrultması nəticə etibarilə, Naxçıvan MR-na da bu cür təyinatı zəruri etdi. Heç şübhəsiz ki, bu, qısa müddətdə öz bəhrəsini verəcək”.
Deputat hazırki mərhələdə Naxçıvanın muxtar respublika statusunun dəyişdirilməsi məsələsinin zəruriliyini vurğulayıb:
“Əslində bu, Azərbaycan Konstitusiyası ilə də ziddiyyət təşkil etmir. Konstitusiyada Azərbaycan dövləti hüquqi, demokratik və unitar dövlət kimi təsvir olunur. Unitar dövlətin isə tərkibində muxtar vilayətin və ya muxtar respublikanın olması məsələsi artıq bu konstitusion müddəadan doğaraq bir qədər şərtiləşir.
Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən dəyişikliklər etməklə fərqli və daha effektiv bir idarəetmə yaratmaq mümkündür. Naxçıvanla bağlı bilirik ki, başqa səbəblərdən deyil, məhz Azərbaycanla birbaşa quru əlaqəsi olmadığına görə muxtariyyət statusu formalaşıb.
Ona görə də Konstitusiyada təsvir və təsbit olunan “Azərbaycan demokratik, hüquqi və unitar dövlətdir” tələbi və hüquqi şərtləri Naxçıvanın statusunun dəyişdirilməsi və Azərbaycanın adi inzibati formalarından birinə çevrilməsi üçün əsaslar yaradır. Ancaq şübhəsiz ki, bu, referendum vasitəsilə mümkündür”.
Gülnar Səlimova
Globalinfo.az














