Millət vəkili Zahid Oruc Milli Məclisin plenar iclasında çıxışı zamanı yeni doğulan qız övladlarına görə sosial müavinətin verilməsini və Ailə Məsələləri Nazirliyinin yaradılmasını təklif edib.
Maraqlıdır, sözügedən təkliflər reallaşacağı təqdirdə nə dərəcədə effektiv ola bilər?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, qız uşaqlarına müavinətin verilməsi effektsiz olar:
“Hesab edirəm, bunlar kosmetik təmirdən başqa bir şey deyil. Bu məsələ fundamental şəkildə həll olunmalıdır. Bunun üçün isə ciddi elmi işçilərin iştirakı ilə fəaliyyət proqramı hazırlanmalıdır”.
Ailə Məsələləri Nazirliyinin yaradılması təklifi haqda danışan Ə.Qəşəmoğlu qeyd edib ki, əvvəlcə bu sahəni dərindən öyrənən elmi mərkəzlər yaradılmalıdır:
“Bu sahədə elmi mərkəzlər olmadan üç nazirlik yaratsaq da, fayda verməyəcək. Prinsip etibarilə ölkədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir və bu komitə özlüyündə nazirliyi əvəz edir. Onlar müəyyən işlər görsələr də, nəticə əldə edə bilmirlər, çünki yanaşma dəyişməlidir. Əks halda hansısa bir idarəetmə strukturu yaratmaq mövcud vəziyyəti dəyişməyəcək”.
Yeni doğulan qız övladlarına görə müavinətin verilməsi təklifini şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadənin fikrincə, Azərbaycanda qız övladlarının doğulmaması üçün müxtəlif tədbirlər görülür:
“Cəmiyyətin funksional olması üçün cins bölgüsündə qadınların, kişilərin sayında təqribi bərabərlik olmalıdır. Bu göstərici 49-un 51-ə nisbətini keçərsə, kəskin şəkildə pozulma hesab edilir. Cəmiyyətdə cins balansının pozulması isə hər səviyyədə problemlərin meydana çıxması ilə nəticələnir. Bu problemlərdən birincisi nikah yaşına çatan insanların evlənə bilməməsidir.
Ölkəmizdə cinsi diskriminasiya uzun illərdir davam edir. Bu istiqamətdə qabaqlayıcı addımlar atılmalıdır. Bunlardan biri də qız uşaqlarına görə aztəminatlı ailələrə müavinətlərin verilməsidir”.
H.Axundzadə Ailə Nazirliyinin yaradılması təklifinin isə kifayət qədər əsaslı olduğunu deyib:
“Azərbaycanda ailə institutu dəyişir, bəzi xüsusiyyətlər sıradan çıxır, bəziləri köhnə ailə modelinə qayıdır, bəziləri isə yenilənir. Bu çağırışlara cavab vermək üçün müvafiq struktur olmalıdır. Ailəyönlü nazirliyin yaradılması təklifi kifayət qədər əsaslıdır”.
Turan Rzayev
Globalinfo.az