Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış opera müğənnisi, Xalq artisti, Prezident təqaüdçüsü Şahlar Quliyev 2024-cü il oktyabrın 26-da, 78 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı nekroloqda deyilib:
Şahlar Quliyevin vokalçı kimi repertuarında uzun illər böyük məharətlə ifa etdiyi Aslan şah partiyasnın xüsusi yeri var. Təsadüfi deyil ki, sənətkar 2016-c ilin noyabrında Akademik Opera və Balet Teatrında özünün 70 illik yubileyinə həsr olunmuş tamaşada məhz Aslah şah partiyası ilə bu səhnədə son çıxışını etmişdi.
Şahlar Quliyev Azərbaycan opera sənətini teatrın heyəti ilə birlikdə müxtəlif xarici ölkələrdə də uğurla təmsil edib.
Sənətkarın Azərbaycan mədəniyyətinə, vokal ifaçılıq sənətinə töhfələri dövlətimiz tərəfindən yüksək qiymətləndirlib. O, 1991-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdü. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Şahlar Quliyevin vəfatı ilə əlaqədar sənətkarın ailəsinə və yaxınlarına, eləcə də musiqi və teatr ictimaiyyətinə dərin hüznlə başsağlığı verir”.
***15:14
Bu gün səhər saatlarında dünyasını dəyişən Xalq artisti Şahlar Quliyev dəfn olunub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimindən sonra mərhumun nəşi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
***14:04
Bu gün səhər saatlarında dünyasını dəyişən Xalq artisti Şahlar Quliyev ilə vida mərasimi keçirilib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Təzəpir məsçidində baş tutan mərasimdə mərhumun yaxınları, sənət yoldaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ş.Quliyevin nəşi dəfn olunmaq “Qurd qapısı” qəbiristanlığına aparılır.



***12:33
Bu gün səhər saatlarında dünyasını dəyişən Xalq artisti Şahlar Quliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Globalinfo.az bildirir ki, bu barədə “Report”a mərhumun ailə üzvləri məlumat verib.
Qeyd olunub ki, Şahlar Quliyevlə vida mərasimi saat 14.00-da Təzə Pir məscidində keçiriləcək. Vida mərasimindən sonra cənazə dəfn olunması üçün “Qurd qapısı” qəbiristanlığına aparılacaq.
***09:59
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib.
Globalinfo.az bildirir ki bu barədə “Report”a onun yaxınları məlumat verib.
O, uzun uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ş.Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. İlk təhsilini elə orada alıb. 1964-1969-cu illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu fakültəsində oxuyub. Daha sonra Şahlar Quliyev indiki Bakı Musiqi Akademiyasına daxil olub. 1973-cü ildə həmin təhsil müəssisəsini bitirdikdən sonra o, burada 2 il Şövkət Məmmədova adına Opera studiyasında, 1975-ci ildən başlayaraq isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb.
O, “Leyli və Məcnun”da Nofəl, “Şah İsmayıl”da Aslan şah, “Aşıq Qərib”də Şahvələd, “Sevil”də Atakişi, “Arşın mal alan”da Süleyman, “Koroğlu”da Həsən xan, “Aida”da Amonasro, “Karmen”də Eskamilio, “Payatsı”da Tonio, “Bohema”da Şonar rollarını canlandırıb. Bundan əlavə, o, 2000-ci ildə çəkilən “Qız qalası” və 2007-ci ildə lentə alınan “Bəylik dərsi” filmlərində rol alıb. 1991-ci ildə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.