Son günlər Bakının nəqliyyat infrastrukturunda yeni vəziyyət yaranıb. Belə ki, taksilərlə bağlı verilən qərardan sonra insanlar məcbur qalıb avtobus və metroya üz tutur. Bu da ictimai nəqliyyatda ciddi yüklənmələrə səbəb olur. Qarşıdan COP29-un da gəldiyini nəzərə alsaq, bu yük ikiqat artmış olacaq.
Bəs avtobusların keyfiyyəti, komfortu, sürücülərin peşəkarlığı, zəruri tələbləri və artan sərnişin yükünü qaldırmağa imkan verəcəkmi?
Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Aslan Əsədov deyib ki, artıq taksilərlə bağlı verilən qərarın qüvvəyə minməsinə az qalıb.
Onun sözlərinə görə, taksi şirkətləri, xüsusən də şirkətlərə qoşulan sürücülər, fiziki şəxslər daha çox təşvişə düşürlər:
“Belə olan halda onlar vəziyyətdən istifadə etmiş kimi görünürlər. Nəticədə isə qiymətlər kəskin bahalaşır. Bir sözlə, yeni qərarı əsas gətirərək bu və ya digər formada öz işlərini qurmağa çalışırlar. Əslində bu, belə olmamalıdır. Proseslər onu göstərir ki, taksilərə alternativ fəaliyyətlər yaradılmalıdır və yaradılacaq da. Çünki şərait də, kəmiyyət də, keyfiyyət də buna imkan verir”.
Ekspert deyib ki, sertifikat alan sürücülərin sayının çox olması müsbət haldır:
“Məsələn, bu gün sertifikat alan və ondan istifadə edən şəxslərin sayına baxdıqda, onların artdığını görürük. Həmin şəxslərin sayı nə qədər çox olarsa, bir o qədər faydalıdır. Amma rəsmi səsləndirilən xəbərlər faktiki olaraq taksilərin böyük faizini əhatə etmir. Ona görə də insanların alternativ nəqliyyat vasitələri axtarışına çıxmaları təbii haldır. Nəzərə alsaq ki, Bakı şəhərində sırf nəqliyyat vasitəsi kimi istifadə olunan metro və avtobuslardır, burada yenə də məsuliyyət və işin çətin tərəfi onların üzərinə düşəcək”.
Aslan Əsədovun fikrincə, əvvəlki illərdə taksi fəaliyyəti bir o qədər də dəbdə olmayıb:
“Taksi fəaliyyəti axır vaxtlar gündəmə gəldi. Son 3-4 il öncəyə qədər taksi fəaliyyətində ciddi artım, gözlənti yox idi. Lakin qiymətlərin aşağı olması bu sahədə öz sözünü demiş oldu”.
Zaira Akifqızı
Globalinfo.Az