Rəisinin ölümü: İran 50 gün ərzində bu qərarı verəcək – Kritik proses

Rəisinin ölümü: İran 50 gün ərzində bu qərarı verəcək - Kritik proses

Mayın 19-da Azərbaycan-İran sərhədində Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü baş tutub. Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasiminin keçirildiyi bu görüşdə iki ölkə arasında qonşuluq, dostluq prinsiplərindən, gələcəkdə bunun daha da inkişaf etdirilməsindən danışılıb.

Lakin İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın da göyərtəsində olduğu helikopter bazar günü dumanlı hava şəraitində qəzaya uğrayıb və heyət yerindəcə həlak olub.

Rəisinin ölümü və yerinə başqa bir şəxsin keçməsi razılaşmalara necə təsir edəcək?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmaları mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib ki, Azərbaycan və İran arasında əldə edilmiş razılaşmalara sözügedən qəzanın mənfi təsiri olmayacaq:

“Çünki bu, İbrahim Rəisinin şəxsi hədəfi, məqsədi deyildi, iki ölkə arasında olan anlaşmalardır. Azərbaycan və İranın münasibətləri perspektivdə də davam edəcək. Əgər İran hakimiyyəti gələcəkdə münasibətlərin pozulması istiqamətində addımlar atarsa, o zaman normallaşma prosesinə zərbə dəyəcək.

Bundan əlavə, İbrahim Rəisinin yoxluğu sadəcə onun əvəz olunması ilə nəticələnəcək. 40-50 gün ərzində İranda yeni Prezident seçiləcək və Tehran rejimi öz həyatını davam etdirəcək”.

Politoloq İlyas Hüseynov da deyib ki, məlum hadisə prosesə təsir etməyəcək: “Müzakirələr sırasında “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı, istismarı, birgə fəaliyyəti dayanırdı. Bu uzun müddətdir ki, planlaşdırılan layihədir. Bununla həm enerji əldə etmək, həm də Azərbaycan və İran sərhədyanı ərazilərində münbit torpaqların suvarılması, kənd təsərrüfatı sahəsində irəliləyişin əldə olunması mümkündür”.

Politoloqun sözlərinə görə, iyul ayında İranda Azərbaycan səfirliyinin fəaliyyətinin bərpa olunacağına dair fikirlər səsləndirilir:

“İran regionda yeni reallıqları qəbul edir. Bunun əsasında Azərbaycanla əməkdaşlıqda maraqlıdır. İki ölkə arasında münasibətlərin mühüm istiqamətini Şimal-Cənub nəqliyyat dəhlizi tutur. Burada böyük coğrafiyada iqtisadi fəaliyyət tənzimlənir. Təşəbbüskar dövlətlər isə İran, Azərbaycan və Rusiyadır. Dəmiryolu şəbəkəsinin yenidən qurulması, Astara-Rəşt hissəsinə investisiyaların yatırılması və s. proseslər nəqliyyat axınını daha səmərəli edəcək”.

Safura Bənnayeva
Globalinfo.az