Erməni heykəltaraş Sarkis Baqdasaryanın müəllifi olduğu “Biz və bizim dağlar” adlı abidə bir çoxları üçün həm estetik baxımdan çirkin hesab edilir, həm də separatizmin simvolu sayılır. Bu səbəbdən də ictimaiyyət həmin heykəlin Xankəndidən yox edilməsini təklif edir. Heykəlin oradan çıxarılması doğru yanaşma olarmı?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev deyib ki, əslində, bu abidə hazırlananda ermənilər ona “Nənə və baba” adı veriblər.
O deyib ki, abidə özündə erməni milli geyimində olan yaşlı kişi və qadını əks etdirib:
“Hər ikisinin bədəninin yarı hissəsinin torpağın altında olması kimi təqdim olunan abidə ilə sübuta yetirilmək istənilib ki, həmin yaşlı ermənilər məhz bu torpaqdan yaranıblar. Yəni abidənin siyasi mənası Qarabağ torpaqlarının guya əzəldən ermənilərə məxsus olmasını, qədim vaxtlarda Qarabağda məhz ermənilərin yaşadığını çatdırmaq məqsədi güdüb. Heykəl Qarabağda ilk dəfə erməni məsələsini qaldıran və Naxçıvanın Ermənistana birləşdirilməsini təbliğ edən şəxslərin prototipidir. Abidə hazırlanan vaxt – 1965-1966-cı illərdə Azərbaycan hökuməti buna çox ciddi reaksiya verib. Hətta dəvət olunan memar Səfi Qarayev heykəlin formasına etiraz edir. Bundan sonra Azərbaycan hökuməti Moskvaya məktub yazır və oradan böyük nümayəndə heyəti gəlir. B.Ulubabyan və Z.Balayan yazıçılar olaraq postament düzəltdiklərini iddia edir. Heykəlin isə başqa formada olacağını və İrəvandan gətirilib qoyulacağını deyirlər. O vaxt Azərbaycan və Moskva nümayəndə heyətini aldadan bu şəxslər heykəlin üzünün Ermənistana, arxasının isə Azərbaycana olan formasını elə düzəldirlər ki, sanki yaşlı insanlar “bizi özünüzə birləşdirin” deyə Ermənistandan kömək istəyirlər. Bu ada ilk olaraq Azərbaycan hökuməti etirazını bildirib”.
Tarixçi deyib ki, Bakıda abidənin Xankəndi şəhərinin girişinə qoyulmasına da etiraz olunub:
“Bu dəfə də ermənilərin istəyinin gerçəkləşməsinə Moskva imkan yaradıb. “Moskvalı ermənilər” abidənin Xankəndinin girişində qoyulmasına Mərkəzi Komitədən razılıq ala biliblər. Amma ad məsələsini saxlamaq mümkün olmayıb. Bu mümkünsüzlüyün qarşısında ermənilər “Biz və bizim dağlar” adı ilə abidənin adını rəsmiləşdiriblər. Ermənilər 1965-ci ildən bəri abidənin tam olaraq nəyi simvolizə etdiyini aydınlaşdıra bilmirlər. Bir mənbədən oxumuşdum ki, onlar bu abidəni Stepan Şaumyanın simvolu, bəzi mənbələrdə isə Tiqranın simvolu kimi təqdim edirlər. Onlar abidəyə erməni qadın və kişi simvolunu da verməyə çalışıblar. Sətiraltı mənası guya Tiqran və onun həyat yoldaşıdır.
Abidə qırmızı tuğdan istifadə edilərək tikilib. Ermənilər işğal etdikləri ərazilərimizdə olan qədim abidələri saxtalaşdırarkən də qırmızı tuğlardan, xaç daşlardan istifadə edirdilər. Onlar elə hesab düşünürlər ki, bu xaç daşlar ancaq ermənilərə məxsusdur. Tamamilə yanlışdır. Çünki erməni memarlığında qırmızı tuğdan istifadə edilməyib”.
Zaur Əliyev ermənilərin abidəni nənə-baba (ermənicə Tatik-Papik) kimi də tanıtmağa cəhd etdiklərini qeyd edib:
“Abidə Azərbaycan SSR sakini tərəfindən, Azərbaycan SSR ərazisində Azərbaycan SSR büdcəsindən ayrılmış vəsait hesabına yaradılıb. Müharibəyə qədər bu abidə ermənilərin ciddi saymadığı yer olub. 1990-cı ildən sonra ermənilər buranı təmir edib “milli” kimi təqdim etməyə başladılar. Səbəb də bu idi ki, Qarabağın ən qədim və tarixi abidələri hamısı Azərbaycan xalqına məxsusdur və ermənilərin ortaya çıxaracaq heç bir şeyi yoxdur. Buna görə də əxlaqsızlıq yuvası olan bu abidə onların milli simvoluna çevrildi. Ümumiyyətlə, ermənilərin yaşadığı bütün Azərbaycan ərazilərində bizim büdcəmizdən ayrılan vəsait hesabına tikilən, təmir olunan nə varsa, hamısı Azərbaycanın maddi-mədəni dəyərləri hesab olunur”.
Alimin sözlərinə görə, Bakıda erməni sənətkarlarının tikdiyi evlər var:
“Bu o demək deyil ki, o evlər ermənilərə məxsusdur. Burada sadəcə, bir fakt var ki, həmin abidə erməni memar Sərkis Baqdasaryanın əl işidir. Mən həmin abidənin sökülməsinin qəti əleyhinə idim vaxtilə. Lakin bunun pulunu bizim büdcə veribsə, onun sökülüb, yaxud qalmasına da biz qərar verməliyik. Birincisi, bu, tarixi abidə deyil, separatizmin təbliğidir. İkincisi, həmin “abidə” Xankəndinin tarixi və mədəni formatına uyğun deyil. Üçüncüsü də, çox yöndəmsiz və eybəcər bir abidədir. Hesab edirəm, abidənin bu formada saxlanılıb, qorunması gələcəkdə ermənilərin bir milli ideoloji savaşına çevrilə bilər. Çünki onlar arasında hələ də təbliğ olunur ki, “bizim nənələrimiz və babalarımız 1905-ci ildə türklər tərəfindən məhv edilib”. Ona görə də bu abidə tamamilə məhv edilməlidir. Ümumiyyətlə, Azərbaycan hökuməti belə məsələlərdə heç kimdən çəkinməməlidir. Uydurma soyqırımına həsr olunmuş abidənin Qarabağda yeri yoxdur”.
Zaira Akifqızı
Globalinfo.az