Almaniya kansleri Fridrix Merzlə “Almaniya üçün Alternativ” (AfD) Partiyasının həmsədri Alisa Vaydel arasında Bundestaqda keçirilən müzakirələr zamanı kəskin fikir ayrılığı yaşanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilib ki, mübahisənin əsas mövzuları arasında miqrasiya siyasəti, enerji məsələləri və Rusiyaya qarşı hərbi ritorika olub. Vaydel çıxışı zamanı həmçinin “Şimal axını” qaz kəməri ilə tədarüklərin bərpasına çağırış edib.
AfD lideri kanslerin hökumət siyasətini tənqid edərək, seçicilərin ona verdiyi mesajı düzgün anlamadığını bildirib və Merzin siyasi fəaliyyətinin artıq sona yaxınlaşdığını deyib.
Merz isə Vaydelin mövqeyinə sərt cavab verərək, onu “dağıdıcı qüvvə” adlandırıb. Kansler Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna yalnız öz ərazisini deyil, Avropanın azadlığını da müdafiə edir. Merz həmçinin Rusiyanın müharibədə tərəflərin rolları ilə bağlı yanaşmasını tənqid edərək, qurbanla təcavüzkarın eyni mövqedə göstərilməsinin qəbuledilməz olduğunu bildirib.
Kanslerin çıxışı zamanı AfD nümayəndələri tərəfindən dəfələrlə etiraz səsləri eşidilib.
Safura Bənnayeva
Globalinfo.az