Ölkədə iri və xırdabuynuzlu heyvanların sayının azalması və bunun fonunda ətin bahalaşması heyvandarlığın inkişafına dəstəyin artırılmasını zəruri edib. Kənd Təsərrüfatı Nazirliyi bu məqsədlə yeni subsidiya mexanizminin tətbiqini nəzərdə tutur. Lakin subsidiya üçün müəyyənləşdirilən tələblərdən kiçik və orta təsərrüfatların bu dəstəkdən nə dərəcədə yararlana biləcəyi xüsusi diqqət çəkir.
Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, bu günə qədər subsidiyalarla bağlı icra mexanizminə dair kifayət qədər şübhələr var:
“Söhbət subsidiyanın ünvanına çatmasından və təyinatı üzrə istifadəsindən gedir. Qərar və yeniliklərə diqqət yetirdikdə onun daha şaxəli xarakter daşıdığını görürük. Burada artıq balıqçılıq, kənd təsərrüfatının bir çox sahələri və müxtəlif istehsal istiqamətləri nəzərə alınıb. Əvvəllər subsidiyalar daha çox müəyyən əkin sahələri, xüsusilə taxılçılıq üzrə tənzimlənirdisə, indi digər kənd təsərrüfatı məhsullarının və əkin sahələrinin də bu sistemə cəlb olunduğunu görürük”.
İqtisadçı bildirib ki, burada müəyyən sahələrin təşviq edilməsinə yönəlmiş siyasət də var:
“Məsələn, müasir suvarma sistemləri ilə təchiz olunan təsərrüfatlara daha çox subsidiya verilməsi nəzərdə tutulur. Burada suya qənaət məsələsini nəzərə almaq lazımdır. Yəni bu gün artıq dövlət səviyyəsində suya qənaətin tətbiqini bu yolla görürük.
Heyvandarlıqla bağlı bir məsələ də var. Məsələn, ərazisi 100 hektar olan və 500 baş xırdabuynuzlu heyvan saxlayan təsərrüfatlara hər heyvana 4 manat vəsait verilməsi nəzərdə tutulur. Bu, daha çox iri fermer təsərrüfatlarının dəstəklənməsi deməkdir. Burada yaxşı olardı ki, orta və kiçik təsərrüfatların da dəstəklənməsi istiqamətində bir işıq ucu görünsün. Çünki kiçik və orta sahibkarlıq, kəndlərdə fermer təsərrüfatları olmadıqda regionlara qayıdışın, biznes mühitinin formalaşmasının və ümumilikdə kənd həyatının bərpası çətin olacaq. Bizə lazımdır ki, kəndlərdə ev təsərrüfatları yaransın, müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən kiçik və orta təsərrüfatlar inkişaf etsin. Bunun stimullaşdırılması çox yaxşı olardı”.
Zaira Akifqızı
Globalinfo.az