Almaniyada radikal sağın yüksəlişi və Almaniya üçün Alternativ Partiyasının (AfD) tərəfdarlarının sayının artması bütün Avropada narahatlıqla qarşılanır. İtaliyadan sonra Almaniyada da sağçıların hakimiyyətə gələ biləcəyi bildirilir. Həmçinin bunun Fransada da bənzər mənzərənin yaranmasına təkan verəcəyi ilə bağlı iddialar səslənir.
Avropada radikal sağın yüksəlişinin səbəbi nədir? Bu istiqamətdə narahatlıqlar nə dərəcədə əsaslıdır?
Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, AfD-yə koalisiyasız hökumət formalaşdırmaq üçün bir neçə səs çatmadı:
“Əgər mütləq üstünlük əldə etsəydi, yəni təkbaşına hökumət formalaşdırsaydı, bu, İkinci Dünya müharibəsindən sonra ilk dəfə Almaniyada yerli hökumətin qatı sağçılardan ibarət olması demək olardı. Bununla bağlı Almaniyada həyəcan təbili çalınmaqdadır.
AfD-ni İtaliyadakı sağçılarla eyniləşdirmək doğru olmazdı. Burada hakimiyyətdə olanlar sağ – mühafizəkar partiyadır. Sağ və qatı sağ ayrı anlayışlardır. AfD qatı sağdır. Onların ideyaları alman kimliyinin qorunmasına dayanır. Onlar miqrasiya siyasətində radikal mövqe sərgiləyirlər. Almaniyanın əvvəlki qədər miqrantlar üçün yuva olmasına qarşı çıxırlar. Onların ideyalarından biri də Almaniyaya gələn miqrantların kütləvi şəkildə geri qaytarılması siyasətini həyata keçirməkdir.
İtaliyadakı sağçılarda bu fikirlər yoxdur. AfD-nin hakimiyyətə mümkün gəlişi ilə “Dexit”in, yəni Almaniyanın Avropa İttifaqından çıxması ehtimalı da böyükdür. AfD Rusiya yönümlü, Ukraynaya dəstəyə qarşı çıxan partiya kimi də yadda qalıb”.
Politoloqun sözlərinə görə, onlar yaşıl enerji məsələsinə də skeptik yanaşırlar:
“Bu da AfD-nin kifayət qədər radikal fikirlərə malik olduğunu göstərir. Sözsüz ki, AfD seçkilərdə çox səs toplasa da, onun təkbaşına hakimiyyətə gəlməsi üçün ya mütləq çoxluğun səsini toplamalı, ya da digər partiyalarla koalisiya yaratmalıdır. Bu da müşkül məsələdir. Almaniyada “Brandmauer” qaydası var ki, buna əsasən, digər partiyalar AfD ilə koalisiya qurmamaq vədini veriblər.
Sultan Zahidov
Avropada sağın son illərdə genişlənməsinin şahidi oluruq. Burada ən əsas faktor miqrasiyadır. Son 10-15 ildə Avropaya daha intensiv şəkildə miqrantların axını baş verib. Suriya böhranı və Rusiya-Ukrayna müharibəsi fonunda milyonlarla miqrant Avropaya axışmışdı. Bu da yerli sakinlərlə miqrantlar arasında gərginliyin yaranmasına, Avropada sosial birliyin sarsılmasına səbəb olan amillərdəndir. Statistikaya görə, Avropada baş verən kriminal halların arxasında daha çox miqrantlar dayanır”.
S.Zahidov deyib ki, bu məsələdə digər məqam Avropa İttifaqı daxilində sosial-iqtisadi problemlərin də artmasıdır:
“Son bir neçə ildə Almaniyada iqtisadi artım tarixin ən aşağı pilləsində idi. Almaniya daxil olmaqla, Aİ-nin digər ölkələri də iqtisadi cəhətdən ciddi problemlərlə üz-üzədir.
Rusiya-Ukrayna müharibəsi fonunda bir çox Avropa ölkələri Ukraynaya dəstək göndərirlər. Bu da həmin ölkələrin iqtisadiyyatına mənfi təsir etdiyindən xalqın narazılığına səbəb olur”.
Safura Bənnayeva
Globalinfo.az