WhatsApp Image 2023 12 11 at 15.13.49

Prezident İlham Əliyev Şuşa şəhərində yeni konsepsiya ortaya qoydu. Belə ki, ölkə başçısı çıxışı zamanı Ermənistana və havadarlarına açıq şəkildə bəzi gerçəkləri anlatdı.

Bildirdi ki, Ermənistan kritik həddə silahlandırılarsa, Azərbaycan bu prosesə müdaxilə edəcək. Ölkə başçısının digər maraqlı bəyanatı sərhədlərlə bağlı olub. Sitat: “İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”.

Ermənilər yaxşı bilirlər ki, İlham Əliyevin bu bəyanatları reallaşsa, onlar üçün heç də yaxşı olmaz.

Bu bəyanatdan sonra Ermənistan hakimiyyəti və bu hakimiyyəti devirməyə həvəslənən kilsə-daşnak-revanşist birliyi hansı tədbirləri görəcək?

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İlham Əliyevin bütün bəyanatları Ermənistandan daha çox onun havadarlarına istiqamətlənib:

“44 günlük müharibədən sonra Ermənistan de-fakto bizim müzakirə apardığımız tərəf müqabili statusunu və öz müstəqilliyini itirib. Heç kimə sirr deyil ki, hazırda bu respublika məhz xarici qüvvələrin işarəsi və diktəsi ilə hərəkət edir.

Prezidentin Şuşadan səsləndirdiyi son bəyanatlar Ermənistandan daha çox onun xaricdəki havadarlarına ünvanlanmışdı. Amma Ermənistan daxilindəki revanşist qüvvələr də bu bəyanatdan özləri üçün pay götürməlidirlər. Çünki Azərbaycana qarşı militarist siyasət yeritmək onlara baha başa gələ bilər.

elimusa oz

Əlimusa İbrahimov

İrəvandakı müxalif qüvvələr bu gün Ermənistanın taleyi ilə oynadıqlarından xəbərdar olmalıdırlar. İlham Əliyevin son bəyanatından Ermənistan hakimiyyətinin və ona qarşı dayanan Qarabağ klanının nəticə çıxarıb-çıxarmayacağını proqnozlaşdırmaq olduqca çətindir. Çünki bu iki qüvvənin heç birini Ermənistanın və erməni xalqının taleyi düşündürmür”.

Ekspert deyib ki, onları düşündürən sadəcə özlərinin hakimiyyətdə qalması və ya hakimiyyətə gəlməsi məsələsidir:

“Amma hesab edirəm ki, indiki hakimiyyət son hadisələrdən müəyyən nəticələr çıxara bilir. Paşinyanın Azərbaycan və Türkiyə ilə bağlı yumşaq mesajlar verməsi dediyimin sübutudur. Ermənistandakı müxalifət qüvvələrinə gəlincə, onlar tərəfindən bu hiss olunmur. Çünki onların məqsədi hansı yolla olursa olsun Paşinyanı devirmək və yenidən hakimiyyətə gəlməkdir. Buna görə onların nəticə çıxaracağına ümid etmirəm.

Hesab edirəm ki, Ermənistandakı indiki hakimiyyətin devrilməsi və yeni qüvvələrin hakimiyyətə gəlməsi məsələsində Azərbaycan daha ciddi rol oynaya bilər, nəinki oradakı müxalifət. Bu gün artıq Ermənistandakı daxili vəziyyət də Azərbaycanın nəzarəti altındadır desək heç də yanılmarıq.

Digər tərəfdən, Paşinyan və komandası son qarşıdurmadan daha ciddisi ilə rastlaşıb və hamısından ziyan çəkmədən qurtula bilib. İndiki çıxışlar isə əvvəl mövcud olanlardan daha zəifdir və daha az kütləyə malikdir. Eyni zamanda, xarici qüvvələr də Paşinyanı devirməkdə israrlı deyillər. Onlar da bu etirazlara indiki iqtidara təzyiq etmək üçün alət kim baxırlar. Bu baxımdan son hadisələrin də Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxaracağını düşünmürəm”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: