Tarix boyu Azərbaycan və bu coğrafiyada qurulan dövlətlər xaricdən gələn yadelli işğallara qarşı mübarizə aparmalı olub. Dünyanın ən münbit torpaqlarına sahib olan, təbii sərvətləri zəngin coğrafiyamızın böyük güclərin, imperiyaların iştahını qabartması əslində elə də təəccüblü deyil.
Fərqli tarixlərdə işğala məruz qalan yurdumuz hər dəfəsində müstəqilliyini, suverenliyini əldə etməyi bacarıb. Çünki xalq olaraq əsarətlə barışmır, “qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşamağı” seçirik.
Lakin neyləmək olar ki, Babəklər, Qaçaq Nəbilər, Koroğlular yetirən vətənimizin bağında Buğdaylar, Səhl ibn Sumbatlar da yetişir. Bir gün xoş yaşamaq üçün 40 il kölə kimi yaşamağı seçən bu zümrə xəyanəti, satqınlığı, genetik şəkildə nəsildən-nəslə ötürür.
Təsadüfi deyil ki, müasir dövrümüzdə də belə insanlara rast gəlirik. Hətta onların sayı o qədər artıb ki, saylarını konkret rəqəmlə göstərmir, birdəfəlik “5-ci kolon” adlandırırıq. Hər şeydən narazı olan, ölkənin uğurlarına sevinməyən, zəfərlərə, qələbələrə kölgə salmağa çalışan, xaricdən aldıqları dotasiya və qrantlarla qidalanan bu qaniçən zəlilər asalax kimi içimizdə yaşamağa, var olmağa davam edir.
Qrant demişkən, bu günlərdə Qərbin yalına möhtac “5-ci kolon” nümayəndələri yenidən səslərini çıxarmağa başlayıblar. Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Keçirilən iclaslarda isə Azərbaycan nümayəndə heyəti iştirak edib, lakin onların səsvermə hüququ məhdudlaşdırılıb. Əsas səbəb kimi isə Azərbaycan tərəfinin 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda, azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verməməsi göstərilib.
AŞPA-nın sərgilədiyi mövqe Bakı üçün yad deyil. Ümumiyyətlə, rəsmi Bakı AŞPA-ya üzv olduğu 2001-ci ildən bəri bu təşkilatdan ancaq ermənipərəst, islamofob münasibət görüb. Amma içimizdəki satqınların verilən bu ədalətsiz qərarı dəstəkləyib, alqışlaması sözün əsl mənasında bütün əxlaq kodeksini dağıdır.
Biz başa düşürük ki, AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə əlaqəsi yoxdur. Bu, öz suverenliyi və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı bu qisas cəhdidir. Başqa cür desək, Qarabağın əsl sahibində olması ilə barışa bilməyənlərin son cəhdləridir. Bəs, görəsən, AŞPA-nın addımını alqışlayanlar başa düşür ki, onlar öz torpaqlarından imtinaya qol çəkib, buna sevinib alqışlayırlar?
Aydın məsələdir ki, insan haqları mövzusunda manipulyasiya daim olub və bu məsələdən təzyiq vasitəsi kimi həmişə istifadə edilib. Müqayisə üçün deyim ki, Türkiyəyə qarşı da eyni təzyiqlər olub. Bunu bu gün bir çoxları xatırlayır.
Bu gün AŞPA-nın qərarını alqışlayan, dəstəkləyənlər də yaxşı bilir ki, əslində məsələ nədir. Bunu bilə-bilə Avropa qurumlarının ölkəmizə qarşı qərzli addımlarını dəstəkləyən insanlar gec-tez Azərbaycanın Qarabağı azad etməsini də pisləyəcək. Əslində indi yadıma düşdü, onlar bunu da ediblər! Bəlkə aşkar şəkildə yox, amma üstü örtülü fomada çox ediblər!
Amma unudurlar! Bir gün xalqın səbir kasası daşacaq və üzlərinə silinməz bir xain damğası şilləsi enəcək!
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı