Komitə Məhəmmədi qəbul edə bilməyəcək – SƏBƏB

“Məndə olan məlumata görə, Məhəmmədin qardaşı dövlət qurumlarında olub, Ailə Qadın Uşaq Problemləri Dövlət Komitəsi onu qəbul edib. Qardaşı deyib ki, Məhəmməd müalicə aldıqdan sonra ona özü baxacaq”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Bakıda Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verənlər barədə video çəkərək onu ictimailəşdirən 16 yaşlı Məhəmməd Hacıyevin Psixiatriya xəstəxanasına yerləşdirilməsi haqda danışarkən deyib.

K.Ağazadənin sözlərinə görə, Məhəmməd özü xəstəxanaya getmək istəyib:

“Məhəmmədi öz istəyi ilə xəstəxanaya yerləşdiriblər. Kimsə onu ora məcbur aparmayıb. Uşaq özü problemlərini dərk edir. Sadəcə olaraq, bu görüntülər cəmiyyətdə böyük qıcıq yaratdı. Bilən də, bilməyəndə təhqir və tənqid etdi. Mən demirəm neqativ hallar yoxdur. Əlbəttə, var! Amma biz bu gün həmin çatışmazlıqları düzəltməliyik, odun üstünə benzin tökməklə heç nə əldə edə bilmərik. Müalicə bitdikdən sonra qardaşı Məhəmmədi aparacaq”.

K.Ağazadə 16 yaşlı yeniyetməni sığınacağa qəbul edə bilməyəcəyini deyib:

“Bizim sığınacaqda əsasən qızlardır, oğlanları qəbul etmirik. Buradakı oğlanlar azyaşlıdır. Məhəmmədin isə 16-17 yaşı var. Ona görə də onu qəbul edə bilməyəcəyik. Amma düşünürəm ki, o, davamlı müalicə almalı və dövlətin nəzarətində olmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az