Türkiyənin beynəlxalq əhəmiyyətli qaz habına çevrilməsi istiqamətində işlər sürətləndirilir. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamaları göstərir ki, projenin beynəlxalq güclərlə razılaşdırılması mərhələsi də yekunlaşmaqdadır. Türkiyə rəhbərliyi həm ABŞ, Rusiya, Azərbaycan, İsrail kimi satıcı, həm də Avropa İttifaqı kimi alıcıların mövqelərini uyğunlaşdırıb, dev layihənin irəliləməsi üçün əlverişli iqtisadi və siyasi ortam yaratmağa nail olub.
Globalinfo.az xatırladır ki, layihənin ilk açıqlamasını Rusiya prezidenti Vladimir Putin verdi. Oktyabrın 12-də “Rusiya enerji həftəsi”ndəki çıxışında o, Türkiyə ilə qaz habının formalaşdırılması istiqamətində real iş görməyə hazır olduğunu bəyan etdi. Daha sonra isə Astanada Rəcəb Tayyib Ərdoğanla görüşündə layihənin detalları müzakirə olundu. Görüşdən sonra Putin “Birgə yarada biləcəyimiz bu mərkəzin işi zamanı əlbəttə ki, o, təkcə tədarük üçün deyil, həm də qiymətlərin müəyyən edilməsi üçün platforma olardı” söyləyərək, qiymət məsələsini çox vacib adlandırıb və bildirib ki, Türkiyə Avropaya qaz nəqli üçün ən etibarlı marşruta çevrilib.
Putinin açıqlamalarından sonra prezident Ərdoğan Türkiyədə qısa zaman ərzində beynəlxalq qaz kəmərləri qovşağı yaradılacağını açıqlayıb, hətta mümkün yerləşmə ərazisini də göstərib: “Bunun üçün ən uyğun yer ölkənin Avropa hissəsindəki Trakiya bölgəsidir. Rusiya Prezidenti Vladimir Putinlə birgə energetika nazirlərinə lazımi işləri görməyi tapşırmışıq. Heç bir gecikmə olmayacaq. Bizim əməkdaşlar lazımi danışıqları aparıb dərhal işə başlayacaqlar. Qovşağın təhlükəsizliyinin təşkili ilə bağlı bütün məsələlər həyata keçiriləcək”.
Daha sonra məlum oldu ki, Türkiyədəki qaz habı yalnız qazın paylanması deyil, həm də bu məhsulun qiymətinin formalaşması üçün mərkəz rolunu oynayacaq. Türkiyə Prezidenti hab vasitəsilə satılacaq qazın qiymətinin iştirakçılar tərəfindən müəyyənləşdiriləcəyini açıqlayıb. Eyni zamanda digər ölkələrlə aparılan danışıqalar barədə məlumat verib: “Biz qaz kəmərləri və mayeləşdirilmiş təbii qaz (LNG) ilə bağlı istənilən məsələdə əməkdaşlığa hazırıq. Bu baxımdan bir çox ölkələrlə fəal danışıqlar aparırıq: Mərkəzi Asiyadan Aralıq dənizinədək. Türkiyədə birdən çox oyunçunu bir platformada birləşdirəcək, müqavilələr bağlamağa imkan verəcək və bununla da qaz qiymətlərini formalaşdıracaq qaz bazarı yaratmağa hazırlaşırıq”.
Globalinfo.az bildirir ki, Ərdoğan Türkiyə ərazisindən yeddi ixrac qaz kəmərinin keçdiyini, ölkədə iki mayeləşdirilmiş təbii qaz terminalı, iki üzən mayeləşdirilmiş təbii qaz saxlama və qazlaşdırma qurğusu və iki yeraltı qaz anbarı olduğunu xatırladıb. Prezident həmçinin bildirib ki, Türkiyə Qara dənizdəki Sakarya yatağından qaz hasilatına başlamaq üçün işləri sürətləndirib. Türkiyə lideri əlavə edib ki, mütəxəssislər Qara dənizdə 10 quyudan doqquzunda qazma işlərini başa çatdırıblar.
Energetikada hab – bir marşrutu bir neçə istiqamətə ayıran bölüşdürücü mərkəz deməkdir. Belə hablar adətən marker, ticarət, tranzit və keçid kimi təsnif olunur. Marker hablar – bütöv bir region üçün qiymətin formalaşdığı hablara deyilir. Hazırda dünyada 3 belə marker hab fəaliyyət göstərir: ABŞ-da yerləşən Henry Hub – CME, Niderlanddakı TTF və Böyük Britaniyadakı NBP. CME-də qaz dollarla, TTF-də avro ilə, NBP-də isə funtla ticarət olunur.
TTF-dən qaz əsasən Şimal-Qərbi Avropaya paylanır. Burada həmçinin bəzi LNG həcmləri də ticarət edilir.
NBP-də isə əsasən maye qazın Şimal Qərbi Avropaya paylanması həyata keçirilir.
Asiyada marker qaz habları formalaşmayıb. Qitənin qaz qiymətlərini JKM Platts indikatorundan öyrənmək mümkündür.
Beləliklə, aydın olur ki, hazırda Cənubi və Şərqi Avropada qaz qiymətlərini müəyyənləşdirən, bu region üçün bölüşdürücü funksiyasını yerinə yetirən hab mövcud deyil. Ukrayna müharibəsi başlayanadək bu regiondakı ölkələr əsasən daxili istehsal və böyük ölçüdə Rusiyadan boru qazı idxalı ilə təchiz olunurdu. Boru qazının qiyməti isə birjalarda deyil, uzunmüddətli müqavilələrlə fiksə olunmuş şəkildə müəyyənləşdirilirdi. Düzdür, son illərdə Avropa İttifaqı Rusiyanı öz qazını birjalarda satmağa məcbur etmək üçün müəyyən addımlar atmışdı, lakin bu istiqamətdə ciddi nailiyyət əldə edilməmişdi.
Rusiyanın Ukraynaya hücumu ilə dünyanın ən böyük qaz bazarında – Avropada şərtlər kəskin dəyişməyə başladı. Artıq aprel-may aylarından bir sıra Şərqi Avropa ölkələri Rusiya qazından imtina etdilər, ardınca iyundan etibarən Rusiya özü Avropaya qaz nəqlini kəskin azaltdı. Hazırda Rusiyadan Ukrayna üzərindən gündə 41-42 milyon kubmetr qaz Avstriya, Almaniya və İtaliyaya, Türkiyə üzərindən isə 33 milyon civarında Şərqi Avropaya nəql olunur. Böyük ehtimal, yaxın həftələrdən ən azı Ukrayna üzərindən nəql tamamilə dayanacaq.
İlk baxışdan elə görünür ki, Türkiyədə yaranacaq habda əsasən Rusiya qazı satıla bilər. Çünki hazırda Türkiyəyə ən böyük qaz ixracatçısı bu ölkədir, yaxınmüddətli dövrdə nəqli kəskin artırmaq imkanı da Moskvadadır. Rusiya baş nazirinin müavini Aleksandr Novakın dediyinə görə, ölkəsinin Türkiyə üzərindən Avropaya qaz ixracı potensialının ildə 63 milyard kubmetr civarındadır:
“Biz “Cənub axını”nı 63 milyard kubmetrlik ötürücülük gücünə uyğun layihələndirmişdik. Bu potensial, tələb olarsa, Qara dəniz və Türkiyə vasitəsilə Avropaya çatdırıla bilər. Bunun üçün əsas şərt kəmərlərdə təhlükəsizliyin tam təmin olunmasıdır”.
Xatırladaq ki, “Cənub axını” Rusiyanın Ukraynadankənar ərazilərlə Avropaya qaz nəqlini artırmaq üçün hazırladığı, xeyli dərəcədə irəlilədə bildiyi layihədir. Kəmərin sualtı hissəsində borudüzmə işlərinə başlanarkən Avropa İttifaqının irəli sürdüyü sərt tələblər, həmçinin Bolqarıstanın geri çəkilməsindən sonra onun daha az ötürücülük gücü ilə (31,5 milyard kubmetr) Türkiyəyə çəkilməsinə qərar verilib.
Aydın məsələdir ki, Rusiyanın yaxın gələcəkdə öz qazını satmaq üçün neytral bazarlara böyük ehtiyacı yaranacaq. Bu ilin iyunundan bəri ölkədə qaz hasilatı 20 faizə yaxın, ixracı isə 30 faizdən çox azalıb. İlin sonunadək ən böyük qaz bazarına – Avropaya cəmi 68 milyard kubmetr qaz satılması mümkün olacaq. 2021-ci ildə Avropanın Rusiyadan 155 milyard kubmetr qaz aldığını nəzərə alsaq, azalmanın 3 dəfəyə yaxın olduğunu görərik. Rusiya indiyədək ixraca getməyən qaz həcmlərini yeraltı anbarlara vurmaq, həmçinin daxildə qazlaşmanın sürətləndirməklə hasilatın kəskin azaldılmasının qarşısını ala bilib. Qış artıq qapının ağzındadır və bu, daxildə tələbatı artırmaqla prosesi bir qədər də ləngidəcək. Lakin isti yaz aylarından etibarən Rusiya sata bilmədiyi qaz həcmlərini yığmağa anbar tapa bilməyəcək. Bu baxımdan, Türkiyə üzərindən nəqlin artırılması Moskvaya hava və su kimi vacibdir. Bu vaciblik Putinin Türkiyənin Türkmənistandan qaz almaq planlarına mane olmamasına gətirib çıxaracaq. Artıq bu məsələnin də Kreml sahibi ilə razılaşdırıldığı hiss olunur. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, dekabrın əvvəlinə planlaşdırılan Aşqabad səfəri zamanı Azərbaycan və Türkmənistan liderləri ilə təbii qaz qovşağının yaradılmasını müzakirə etməyi planlaşdırır:
“Putin və onun rəsmi təmsilçiləri Türkiyədə enerji qovşağının yaradılması ilə bağlı artıq bəyanatlar veriblər. Atılması planlaşdırılan addımlar sayəsində Türkiyə təbii qazın paylanması mərkəzinə çevriləcək. Onun yaradılması ilə bağlı məsələlərin gələn ayın əvvəlində Aşqabad səfəri zamanı Türkmənistan və Azərbaycan prezidentləri ilə müzakirə edilməsi planlaşdırılır. Ümid edirəm ki, müsbət nəticələr əldə olunacaq”.
Bu açıqlama o deməkdir ki, Rusiyanın Türkmənistan qazını Azərbaycana, buradansa Türkiyəyə daşıyacaq Transxəzər boru xəttinin çəkilməsinə razılığı alınıb. Uzun illər boyu bu istiqamətdəki layihələri qılıncla qarşılayan Rusiya mövcud şəraitdə Türkmənistanın qaz ixracında üzünü Türkiyəyə çevirməsini özünə təhlükə saymır. Hətta bu, Putinin maraqlarına cavab verir. Çünki bu layihə Çinin Türkmənistandan qaz alışını artırmaq imkanlarını məhdudlaşdırır və Pekin Rusiya qazına daha çox möhtac qalır. Məlum, Rusiya Şimal bölgələrindəki yataqlardan əldə etdiyi qazın əsas alıcısı olaraq Çini görür və bu ölkəyə nəql infrastrukturuna milyardlarla dollar sərmayə qoymağı planlaşdırır. Bu isə o deməkdir ki, onun bölgənin qaz bazarında əsas rəqibi olan Türkmənistanın Türkiyəyə nəql imkanı qazanmasında maraqlı olması üçün çox ciddi əsasları var. Burada daha bir amil Avropanın Türkiyədə qaz mərkəzinin yaradılması layihəsinə mane olmaması üçün şərtlərin formalaşması istəyidir. Belə ki, əgər yaradılacaq mərkəz əsasən Rusiya qazına hesablanacaqsa, bu ölkədən enerji asılılığının fəlakətli nəticələrini yaşayan Avropa İttifaqının ona isti yanaşmayacağı, hətta mane olacağı bəribaşdan məlumdur. Bunun qarşısını almaq üçün Türkiyədəki mərkəzin yalnız Rusiyadan deyil, bir neçə mənbədən gələn qazın satışını həyata keçirməsi son dərəcə vacibdir. Rusiya prezidenti bu vacibliyi də nəzərə almağa məcburdur.
Ortamüddətli dövrdə Türkiyədə yaradılacaq mərkəzə daha bir mənbədən – İsraildən qaz çatdırılması layihəsi getdikcə reallığa çevrilməkdədir. İki ölkə arasında münasibətlərdəki sürətlə istiləşmə hələ 2016-cı ildən planlaşdırılan qaz layihəsinin də masaya qoyulmasına təkan verir. Artıq müxtəlif səviyyələrdə İsraildən Türkiyəyə qaz nəqli layihəsinin yenidən gündəmə gətirildiyinə dair açıqlamalar verilməkdədir.
2016-cı ildə iki ölkə birgə işçi qrupu yaratmışdı ki, İsraildən Türkiyəyə illik ötürücülük gücü 30 milyard kubmetr olan kəməri layihələndirsin. Bu həcmin 10 milyard kubmetrini Türkiyə istifadə edəcəkdi, qalan 20 milyard kubmetri isə Avropaya ötürüləcəkdi. Lakin münasibətlərin soyuqlaşması layihə üzrə işlərin dayanmasına səbəb oldu. İsrail ötən müddət ərzində Kipr yaxınlığından keçməklə Yunanıstana çatacaq kəmərin tikintisini nəzərdə tutan EastMed layihəsinə kökləndi. İlkin mərhələdə bu kəmərin ildə 10 milyard kubmetr İsrail qazını Avropaya çatdırması, daha sonra yeni xətlərin çəkilməsi ilə bu potensialın artırılması nəzərdə tutulur. Uzunluğu 2 min km olan kəmərin dəyəri 6 milyard avro hesablanır və onun 2027-ci ildə istismara verilməsi planlaşdırılır. Liviya ilə Türkiyə arasında əldə edilən razılaşmaya əsasən kəmərin keçəcəyi ərazinin bir hissəsi – Kipr adasının Şərq akvatoriyası Türkiyənin müstəsna iqtisadi ərazisi hesab olunur. Bu isə o deməkdir ki, həm layihənin iştirakçıları, həm də əsas dəstəkçisi olan Avropa Birliyi Ankara ilə hesablaşmalı olacaqlar.
İsrailin hazırda istismar etdiyi “Leviafan” yatağı və onun yaxınlığındakı ərazilərin qaz ehtiyatları 3,4 trilyon kubmetr həcmində hesablanır. Yerusəlim həm də Livanla dəniz sərhədində yerləşən iki yatağa iddialıdır. 2020-ci ildən ölkələr arasında nifaq almasına çevrilən bu yataqlarla bağlı cari ilin oktyabrında razılaşma əldə olunub. Hətta “Hizbullah” təşkilatının da müsbət qarşıladığı razılaşmaya əsasən yataqlar birgə istismar olunacaq. Bu isə o deməkdir ki, ortamüddətli dövrdə İsrailin qaz ixracı imkanları daha da genişlənəcək. Avropa İttifaqının İsraildən qaz nəqlində maraqlı olduğunu göz önünə alarsaq, Türkiyədə yaradılacaq mərkəzin Aİ üçün də vacib və əhəmiyyətli olduğunu söyləmək olar. Aİ Türkiyə üzərindən öz qaz təchizatını şaxələndirmək üçün çox əla fürsət əldə edəcək. Avropa Komissiyası qaz təchizatında artıq heç bir mənbədən 25 faizdən yuxarı asılılığa imkan verməmək niyyətində qətidir. Bu isə hazırda 30 faizdən yuxarı olan Norveç, 29 faizə yaxın olan ABŞ qaz asılılığını digər mənbələr hesabına təhlükəsiz həddə salmaq üçün Aİ-nin Türkiyə layihəsinə dəstək verəcəyi ehtimalını qat-qat artırır.
Hazırda Türkiyə “Türk axını”, “Mavi axın”, TANAP və TAP İTE boru kəmərləri ilə Rusiya, Azərbaycan və İrandan qaz alır. Eyni zamanda dörd terminalla LNG əldə edir. Mərkəzin status alması üçün bu mənbələr də yetərlidir. Lakin mərkəzin ABŞ və Avropa tərəfindən tam qəbul olunması üçün Türkmən qazını Azərbaycana, İsrail qazını Türkiyəyə daşıyacaq kəmərlərin çəkilməsinə ehtiyac var. Proseslərin gedişi ondan xəbər verir ki, artıq hər iki yeni kəmərlə bağlı prinsipial razılıqlar əldə olunub.
Ümumiyyətlə götürdükdə, Türkiyə öz ərazisində beynəlxalq səviyyəli enerji qovşağının yaradılması arzusunu 1997-ci ildən açıqlayıb. Həmin il Türkiyə ilə Türkmənistan arasında qaz alqı-satqısına dair müqavilə imzalanarkən Ankara rəsmiləri bu məsələni gündəmə gətirmişdilər.
Türkiyədə regional əhəmiyyətli qaz mərkəzinin yaranması Azərbaycan üçün faydalı olacaq. Belə ki, ölkəmiz getdikcə istehsalı artan qaz həcmlərini satmaq üçün əlverişli müstəvi əldə edəcək. Digər tərəfdən, türkmən qazının Azərbaycan ərazisindən nəqli əlavə iqtisadi qazancla yanaşı, ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun daha da artmasını şərtləndirəcək.